...

"Demokratik açılım"a dəstək verməyəcəyik - Türkiyə müxalifətinin lideri

Dünya xəbərləri Materials 13 Noyabr 2009 18:57 (UTC +04:00)
Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Dəniz Baykal bu gün ölkə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının irəli sürdüyü "demokratik açılım"ın müzakirəsi zamanı partiyasının bu plana dəstək verməyəcəyini bildirib.
"Demokratik açılım"a dəstək verməyəcəyik - Türkiyə müxalifətinin lideri

Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Dəniz Baykal bu gün ölkə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının irəli sürdüyü "demokratik açılım"ın müzakirəsi zamanı partiyasının bu plana dəstək verməyəcəyini bildirib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Demokratik açılım"a dəstək verməyəcəyik", - Baykal deyib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd problemi həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyənin əsas müxalifət partiyasının lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyanın keçirdiyi mətbuat konfransında ölkədəki hakim AKP ilə PKK terror təşkilatının eyni düşüncədə olduğunu bildirib.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal həmçinin keçirdiyi mətbuat konfransında terrorla mübarizə aparmadan terrora qalib gəlməyin qeyri-mümkün olduğunu bildirib.

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın müraciəti ilə oktyabrın 19-da İraqın şimalındakı Mahmur terror düşərgəsindən təslim olmaq üçün 26 nəfər yola çıxıb və elə həmin gün Türkiyə ərazisinə çataraq təhlükəsizlik qüvvələrinə təslim olublar. Ölkənin daxili işlər naziri Bəşir Atalay təhlükəsizlik qüvvələrinin daha 150 terrorçunun təslim olacağını gözlədiyini bildirib. Təslim olan terrorçuların İraq-Türkiyə sərhədində PKK bayrağı və xüsusi təmtəraqla qarşılanması ölkə müxalifətinin kəskin etirazına səbəb olub. Təslim olan terrorçuların hamısı azadlığa buraxılıb.

Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ İraqın şimalındakı Mahmur düşərgəsindən təslim olmaq üçün Türkiyəyə gələn terrorçuların təntənə ilə qarşılanmasının yolverilməz olduğunu bildirərək, Türkiyənin müdafiəsiz olmadığını deyib.

Türkiyə Parlamentində "demokratik açılım" planının müzakirəsi zamanı gərginlik yaşanıb və müxalifətdən olan bəzi millət vəkilləri iclas zalını tərk ediblər.

Xəbər lenti

Xəbər lenti