İranın polis rəis müavini Əhmədrza Radan bazar günü Tehranda baş vermiş hadisələrə münasibət bildirərək deyib ki, Aşura günü 300 nəfər həbs olunub. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı IRIBNEWS məlumat yayıb.
Radan əlavə edib ki, hadisələr zamanı onlarla polis nəfəri yaralanıb və bir neçə mitinq iştirakçısı həlak olub.
IRIBNEWS xəbər saytı İranın Milli Təhlükəsizlik Nazirliyinin adının açıqlanmasını istəməyən əməkdaşına istinadən məlumat verib ki, Aşura günü baş vermiş qarşıdurmalar zamanı "münafiqlərdən ibarət terrorçu qruplaşması"ndan olan (İranın Xalq Mücahidləri Təşkilatının üzvləri) onlarla adam həbs olunub.
Məlumata görə, qarşıdurmalar nəticəsində 4 nümayişçi öldürülüb. Frans Press agentliyinin məlumatına əsasən, Aşura günü baş vermiş hadisələrdə 15 nəfər həlak olub.
İranın Fars xəbər agentliyinin məlumatına əsasən, İranda baş vermiş qarşıdurmalarda müxalifət lideri Mir Hüseyn Musəvinin bacısı oğlu Əli Musəvi də öldürülüb.