Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir T.Cəfərov/
İranın Ətraf Mühitin Qorunması və Ekologiya Təşkilatının rəhbəri xanım Məsumə Ebtekar ölkə daxilində istehsal olunan benzinin beynəlxalq standartlara uyğun olmadığını bildirib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
M.Ebtekar İranın sabiq Prezidenti Mahmud Əhmədinejad hökumətini yanacağın standartlaşdırılması ilə bağlı öz öhdəliklərini lazımi şəkildə yerinə yetirməməkdə ittiham edib: "İstehsal olunan avtomobillərin və yanacağın keyfiyyətinə bir müddət lazımi diqqət yetirilməyib. Hazırda bu məsələlərə ciddi nəzarət olunur".
İranda sutkada 60 milyon litrdən çox benzin istehlak olunur. İran NEZ-ləri sutkada 44,7 milyon litr benzin istehsal edir.
Son vaxtlar İranın paytaxtı Tehran və bir neçə digər əyalətlər, o cümlədən Xuzestan və İsfahanda havanın çirklənməsi böhran həddinə çatıb. Belə ki, ötən gün İran Prezidenti Həsən Ruhani paytaxt Tehranda havanın çirklənməsinin qarşısının alınması üçün xüsusi göstəriş verib.
İran KİV-nin məlumatına görə, Tehranda havanın çirklənməsinə gətirib çıxaran başlıca amil nəqliyyat vasitələridir. Bu şəhərdə əhalinin 40 faizi ictimai nəqliyyatdan istifadə edir. Əhalinin 60 faizi isə öz şəxsi avtomobili ilə gediş-gəliş edir.
Beynəlxalq KİV-in məlumatına görə, Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb. Havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə dəfələrlə tətil olub. Rəsmi məlumatlara görə, hazırda Tehranda 12-13 milyon nəfər yaşayır.