...

Politoloq: İran və Qərb münasibətlərinin normallaşmasından danışmaq hələ tezdir

Dünya xəbərləri Materials 21 Avqust 2015 13:58 (UTC +04:00)
İran və Qərb arasındakı qarşılıqlı münasibətlərdə tam sakitliyin başlamasından danışmaq hələ tezdir.
Politoloq: İran və Qərb münasibətlərinin normallaşmasından danışmaq hələ tezdir

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Səba Ağayeva/

İran və Qərb arasındakı qarşılıqlı münasibətlərdə tam sakitliyin başlamasından danışmaq hələ tezdir. Bu barədə Trend-ə azərbaycanlı politoloq, Qərb universitetinin professoru Fikrət Sadıxov deyib.

O bildirib ki, Tehranla Londonun yaxınlaşması İranın digər Avropa ölkələri və ABŞ ilə qarşılıqlı münasibətlərinin normallaşması üçün ilkin addımdır: "Qərb İranın nüvə proqramı üzrə sazişin imzalanmasına nail oldu. Görünür, bu ölkə ilə yaxınlaşması üçün Qərbin daha tutarlı əsasları var. Lakin əsas məsələni unutmaq lazım deyil: Qərblə İranın əlaqələri heç vaxt şah rejimindəki kimi olmayacaq. Bu gün İranın xarici siyasi istiqamətləri, daxili siyasi elementləri bütün məsələlər üzrə Qərb ölkələrinin prinsiplərinə ziddir".

F.Sadıxov qeyd edib ki, İran heç vaxt "Hizbullah" və "Həmas" qruplaşmalarını dəstəkləməkdən imtina etməyəcək və Suriya rejimini də dəstəkləməyə davam edəcək.

Politoloq bildirib ki, hazırda İranın Yaxın Şərqdə özünün və ən yaxın tərəfdaşlarının maraqlarına cavab verən tapşırıqları var.

Ekspert hesab edir ki, qarşılıqlı münasibətlər işgüzar əməkdaşlıq və tərəfdaşlıq əlaqələri səviyyəsində saxlanılacaq və çərçivədən kənara çıxmayacaq: "Bundan başqa, saziş ölkələrinin parlamentləri tərəfindən hələ təsdiqlənmədiyini yaddan çıxarmaq lazım deyil. Belə ki, bu ölkələrdə İranla sazişin nə ABŞ Konqresi, nə də İran parlamenti tərəfindən təsdiqlənməsində maraqlı olmayan ölkələrin güclü lobbiçilik təşkilatları mövcuddur. Buna görə, münasibətlərin tamamilə açıq xarakter daşıyacağını və tam sakitliyin başlayacağını demək çox tez olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti