İran, Tehran. Təmkin Cəfərov - Trend:
İran Şura Məclisinin (parlament) nümayəndəsi Mehdi Kuçəkzadə spiker Əli Laricaninin fəaliyyətinə etiraz əlaməti olaraq istefa verib.
Trend-in "Mehr" agentliyinə istinadən məlumat verir ki, İran parlamentinin Tehrandan olan nümayəndəsi M.Kuçəkzadə bugünkü iclasda 1700 ton kartofun məhv edilməsi ilə bağlı xəbərdarlıq edib.
O, Fars əyalətində atılan bu addımın kapitalizm iqtisadi sisteminin nəticəsi olduğunu bildirib və İranın kənd təsərrüfatı nazirinə xəbərdarlıq edib: "İnsanların aclıqdan əziyyət çəkdiyi ölkədə kimin ixtiyarı var ki, 1700 ton kartofu məhv etsin?"
İran parlamentinin sədri Ə.Laricani M.Kuçəkzadəyə bu məsələnin iclasın gündəliyində olmadığını, bugünkü mövzunun sığorta ilə bağlı olduğunu deyib və onun xəbərdarlığını qəbul etməyib.
Bundan sonra M.Kuçəkzadə Ə.Laricaninin fəaliyyətinə etiraz əlaməti olaraq istefası ilə bağlı bildirişi Şura Məclisinin Rəyasət Heyətinə təqdim edib.
Qeyd edək ki, İranın Fars əyalətində bazarda qiymətlərin aşağı düşməsi ilə əlaqədar, 1700 ton kartofu torpağa basdıraraq məhv ediblər.