...

Münasibətlər gərginləşsə də, hər ay Türkiyəyə 25 min rusiyalı səfər edir

Dünya xəbərləri Materials 3 Fevral 2016 17:38 (UTC +04:00)
Türkiyəyə qarşı sanksiyaların tətbiqindən sonra bu ölkəyə Rusiya vətəndaşlarının axını tam kəsilməyib.
Münasibətlər gərginləşsə də, hər ay Türkiyəyə 25 min rusiyalı səfər edir

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyəyə qarşı sanksiyaların tətbiqindən sonra bu ölkəyə Rusiya vətəndaşlarının axını tam kəsilməyib. Trend-in məlumatına görə, bu barədə "Rusiya xəbərlər xidməti"nin efirində Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin bildirib.

D.Qorin qeyd edib ki, hər həftə Rusiyanın müxtəlif şəhərlərindən Türkiyə istiqamətində yerli və xarici aviaşirkətlərə məxsus 52 reys həyata keçirilir: "Uçuşlar Antalya, İstanbul və Türkiyənin digər şəhərlərinə təşkil olunur. Türkiyəyə səfər edən rusiyalıların sayı orta hesabla hər ay 25 mindən az deyil".

Hazırda Rusiya turoperatorları Türkiyəyə belə səfərlərin təşkili ilə məşğul olmurlar. Turoperatorların Türkiyə istiqaməti ilə bağlı fəaliyyətinə toxunan vitse-prezident deyib ki, sadəcə dövlət başçısının və hökumətin qərarlarını icra etmək lazımdır.

Qeyd edək ki, ötən il noyabrın 24-dən sonra Rusiya və Türkiyə arasında münasibətlər gərginləşib. Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhədə Rusiyanın "Su-24" qırıcısını vurub. Türkiyə tərəfi bunu hava məkanının pozulduğuna görə etdiyini bəyan etsə də, Rusiya həmin iddiaları rədd edərək hadisəni "arxadan vurulan zərbə" adlandırıb.

Elə bu səbəbdən də Rusiya Türkiyəyə qarşı yanvarın 1-dən bir sıra sanksiyalar tətbiq edir. Belə ki, yeni ildən federasiyaya Türkiyə məhsullarının gətirilməsi, vizasız gediş-gəliş, rusiyalı biznesmenlərin Türkiyə vətəndaşlarını işə götürməsi qadağan olunub. "Rosturizm" agentliyi isə Rusiya vətədaşlarının Türkiyəyə səfərini məhdudlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti