Bakı. Elçin Hüseynov - Trend:
İran Rusiya tərəfinə özünün hər hansı hərbi bazasını verməyib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin sədri Əli Laricani bildirib.
İran parlamentinin Milli təhlükəsizlik və xarici əlaqələr komitəsinin üzvü Hişmətullah Fəlahət Pişə bu gün parlament iclasında bəyan edib ki, Rusiya hərbçilərinin Həmədandakı bazada yerləşməsi ölkə Konstitusiyasının 176-cı maddəsinə ziddir. Buna cavab olaraq Ə.Laricani deyib ki, İranın heç bir bazası Rusiya Silahlı Qüvvələrinə verilməyib. Spiker qeyd edib ki, İran Rusiya ilə regional məsələlərdə, o cümlədən Suriya üzrə əməkdaşlıq edir.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi ötən gün İranın Həmədandakı bazasından Suriyada qərarlaşan İŞİD terror qruplaşmasına qarşı "Tu-22M3" və "Su-134" qırıcı təyyarələri ilə aviazərbələr endirdiklərini təsdiqləyib.