Bakı. Elnur Bağışov - Trend:
İranda koronavirusa yoluxma halları artıq azalmaqdadır.
Bunu İran prezidenti Həsən Ruhani bu gün (30 aprel) İranın qərbində yerləşən İlam vilayətində İranın Energetika və Kənd Təsərrüfatı Nazirliklərinin bir neçə obyektinin istismara verilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
Bu barədə Trend İranın Prezident Aparatının informasiya portalına istinadən məlumat verib.
H.Ruhaninin sözlərinə görə, koronavirus xəstələrinin müalicəsi üçün ayrılan xəstəxanalarda çarpayıların böyük hissəsi artıq boşalıb.
Prezident əlavə edib ki, koronavirusun nə vaxt sona çatacağı bəlli deyil. Buna görə, hamı bu virusla mübarizə istiqamətində bir-birinə kömək etməlidir.
Qeyd edək ki, bu gün İranın İlam vilayətində 11 trilyon rial (təxminən 261 milyon dollar) vəsaitlə 22 min hektar ərazinin suvarma ilə təmin olunması üzrə su şəbəkəsi, İranın Kənd Təsərrüfatı Nazirliyinin 4,82 trilyon rial (təxminən 114 milyon dollar) vəsaitlə 27 min hektar ərazisinin su ilə təmin olunması su şəbəkəsi istismara verilib.
Əlavə edək ki, İranda ötən günədək (29 aprel) 93 657 nəfərin koronavirusa yoluxması, 5 957 nəfərin ölməsi və 73 791 nəfərin sağalması təsdiqlənib.