...

BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb - KİV

Dünya xəbərləri Materials 28 İyun 2024 13:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ibtidai araşdırmalar çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salıb. Bu barədə iyunun 27-də “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Trend xarici mediaya istinadən xəbər verir ki, nəşrin məlumatına görə, bu addım Böyük Britaniyanın sözügedən məsələ ilə bağlı BCM-nin yurisdiksiyasına qarşı “amicus curiae” (“məhkəmə dostu”) ərizəsi təqdim etdikdən sonra atılıb.

Nəticədə, məhkəmə Londonun prosesə müdaxilə etmək tələbini təmin etməklə yanaşı, iyulun 12-dək digər ölkələrə də bu iş üzrə öz mövqeyini bildirmək hüququ verib. “The Jerusalem Post”un yazdığına görə, BCM-nin qərarından sonra bütün həbs orderlərinin verilməsi prosesi aylarla uzana bilər.

Bəzi ölkələrin məhkəmə sistemində “amicus curiae” təcrübəsi prosesdə bilavasitə iştirak etməyən müstəqil ekspertlərin sosial əhəmiyyətli məsələlərə dair rəylərini məhkəməyə təqdim etmək imkanını nəzərdə tutur.

BCM Prokurorluğu 2015-ci il yanvarın 16-dan bəri Fələstin ərazilərində vəziyyətlə bağlı ilkin araşdırma aparır. 20 dekabr 2019-cu il tarixində Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensuda Fələstinin tələbi ilə prokurorların ilkin təhqiqatı tamamladığını bildirib və vəziyyətin 2014-cü ildə Fələstin ərazilərində İsrailin hərəkətləri ilə bağlı tam istintaqın başlanması üçün Roma Nizamnaməsinin bütün meyarlarına cavab verdiyi qənaətinə gəlib. Bu yaxınlarda, 2024-cü il mayın 20-də BCM-nin prokuroru Kərim Xan məhkəmənin ilkin icra palatasından Netanyahu və Qalantın həbsinə orderlərin verilməsini xahiş etmişdi.

Xəbər lenti

Xəbər lenti