Bakı. Trend:
İsrailin Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində azı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Trend-in məlumatına görə, İsrailin Qəzza zolağının cənubunda Xan Yunisin şərqindəki Abasan bölgəsinə endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla üç nəfər həlak olub. Anklavın mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinin şimalında yerləşən ərazidə mərmi atılması nəticəsində bir nəfər həlak olub.
Bundan əlavə, İsrail hərbçiləri anklavın şimalında Qəzza şəhərinin Zeytun rayonuna hava hücumu həyata keçirib, nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Qəzzanın şimalında yerləşən Beyt Lahiya şəhərində yaşayış binasının bombalanması nəticəsində ölənlərin də olduğu bildirilir.
Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və girov götürülməsi ilə İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail, HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.