Bakı. Trend:
Avrasiya İqtisadi İttifaqı (Aİİ) BMT Baş Assambleyasında müşahidəçi statusu almaq üçün səylərini gücləndirir.
Trend-in məlumatına görə, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev deyib.
"Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Bakıtjan Saqintayev sentyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Tzunxua ilə danışıqlar aparıb. Li Tzunxua ilə söhbət zamanı Avrasiya İqtisadi İttifaqı ilə BMT arasında hərtərəfli əməkdaşlığın prioritet istiqamətləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Xüsusən, tərəflər BMT Baş Assambleyasında Aİİ üçün müşahidəçi statusunun alınması istiqamətində işlərin intensivləşdirilməsi imkanlarını müzakirə ediblər", - deyə AİİK-nin mətbuat xidməti bildirib.
"Biz birgə fəaliyyətimizi sistemləşdirmək üçün bu istiqamətdə lazımi səyləri göstərməyə hazırıq. Əminəm ki, bugünkü danışıqlar dialoqumuzun möhkəmlənməsinə və əlaqələrimizin genişlənməsinə kömək edəcək", - deyə B.Saqintayev qeyd edib.