Bakı. Trend:
İsrail ordusunun Qəzza zolağına hücumu nəticəsində azı beş fələstinli həlak olub, 19 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) məlumat yayıb.
PRCS-in bəyanatında qeyd olunur ki, təşkilatın əməkdaşları İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh bölgəsində həyata keçirdiyi hücumda beş nəfərin cəsədini təxliyə edib və 19 yaralını xəstəxanaya çatdırıb.
Oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının döyüşçüləri Qəzza zolağından İsrail ərazisinə hücum edərək, sərhədyanı yaşayış məntəqələrinin sakinlərini öldürüb və bir çoxunu girov götürdükdən sonra Yaxın Şərqdə vəziyyət ciddi şəkildə gərginləşib.
Buna cavab olaraq İsrail, HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və girov götürülənləri azad etmək məqsədi ilə Qəzzada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.