Bakı. Trend:
ABŞ Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Maskın təkrar-təkrar Avropanın siyasi məsələlərinə qarışması Avropada ona məxsus “Tesla” şirkətinin avtomobil satışlarına təsirsiz ötüşməyib. Qədim qitədə təkcə ötən ay “Tesla” satışlarının az qala yarıya qədər azaldığı bildirilir.
Trend xəbər verir ki, bu barədə “The Guardian” nəşri Avropa Avtomobil İstehsalçıları Assosasiyasına (ACEA) istinadən məlumat yayıb.
Texasda mərkəzləşmiş istehsalçı yanvar ayında Avropada cəmi 9,945 nəqliyyat vasitəsi satıb. Bu, ötənilki göstərici ilə müqayisədə 45% azdır (18,161 ədəd).
Bu arada, "Tesla"nın Avropanın avtomobil bazarındakı payı da 1,8 faizdən 1 faizə düşüb.
Nəşr satışların və bazar payının azalmasının Maskın Avropanın siyasi məsələlərinə müdaxiləsindən, həmçinin, onun Trampın administrasiyasının qərarı ilə beynəlxalq yardım proqramının dayandırılmasında mühüm rol oynamasından qaynaqlandığını istisna etmir.