Bakı. Trend:
Avropa Komissiyası miqrantların ölkədən çıxarılması prosesini sürətləndirməyə qərar verib. Belə ki, komissiya bununla bağlı yeni siyahı hazırlayır. Həmin siyahıda yer alacaq ölkələrin vətəndaşlarının sığınacaqla bağlı etdikləri yazılı müraciətlərə daha operativ şəkildə imtina cavabı verilə biləcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı məlumat Avropa Komissiyasının saytında dərc olunub.
Avropa Komissiyası ilkin siyahıya aşağıdakı ölkələri daxil etməyi təklif edir: Kosovo, Banqladeş, Kolumbiya, Misir, Hindistan, Mərakeş və Tunis.
Təklifin qüvvəyə minməsi üçün onun Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.
Qeyd olunur ki, bəzi ölkələr bu cür siyahıları artıq milli səviyyədə tətbiq ediblər. Bu yanaşmanın Aİ miqyasında qəbul olunması, üzv dövlətlərə siyahıda göstərilən ölkələrin vətəndaşlarından gələn sığınacaq müraciətlərini daha sürətli şəkildə və yekdil əsaslarla araşdırmağa imkan verəcək.