Bakı. Trend:
Rusiya Baş Prokurorluğu miqrantların bank köçürmələrinə nəzarətin gücləndirilməsi təşəbbüsünü dəstəkləyib.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun İqtisadiyyat sahəsində qanunvericiliyin icrasına nəzarət idarəsinin nümayəndəsi Andrey Baukin Federasiya Şurasında keçirilən dəyirmi masa zamanı bildirib.
Baukin qeyd edib ki, prokurorluq banklarla və vətəndaşların, o cümlədən qeyri-rezidentlərin qeydiyyatını aparan qurumlar arasında informasiya mübadiləsinin təşkil olunmasını məqsədəuyğun hesab edir.
“Həmin vəsaitlərin kim tərəfindən çıxarıldığını müəyyən edə bilməyimiz– bax belə bir məlumat mübadilə sisteminin qurulması çox vacibdir. Çünki bəzən miqrantları avtobuslarla gətirirlər. Onlar bəlkə də heç öz hərəkətlərinin nəticələrini tam anlamırlar,” – deyə o vurğulayıb.
Baukinin fikrincə, belə məlumatlara çıxış maliyyə axınlarını daha dəqiq izləməyə və maliyyə təhlükəsizliyi sahəsində mümkün pozuntuların qarşısını almağa imkan verəcək.