Bakı. Trend:
Avropa İttifaqı Tehranın nüvə proqramını bərpa etməməsi üçün İrana qarşı sanksiyaların geri qaytarılmasını nəzərdən keçirir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ-yə üzv dövlətlərinin XİN rəhbərlərinin toplantısı ərəfəsində deyib.
“Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində İranın öhdəlikləri var və eyni zamanda, əgər bu ölkənin nüvə proqramı ilə bağlı vəziyyət yaxşılaşmasa, sanksiyaların yenidən tətbiqinə imkan verən bir mexanizm də nəzərdə tutulub”, – deyə Kallas bildirib.
Kallas İran iqtisadiyyatının hazırda qənaətbəxş olmadığını və bunun İran xalqı üçün yaxşı olmadığını bildirib və İranın nüvə proqramını bərpa etməməsi istiqamətində çalışdıqlarını dilə gətirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.