Bakı. Trend:
ABŞ-nin növbəti istənilən hücumuna İran yenidən cavab verməyə hazır olacaq.
Trend-in məlumatına görə, bunu ötən saatlarda Türkmənistana səfər edən İran xarici işlər naziri Seyid Abbas Araqçi Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşdə deyib.
Onun sözlərinə görə, İran regionda gərginliyin artmasının tərəfdarı deyil. İranın Qətərdə “Əl-Üdeyd” hərbi bazasına raket hücumu ABŞ-nin İranın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq-aşkar təcavüzə cavabdır.
Görüşdə Türkmənistan xarici işlər naziri Rəşid Meredov da bildirib ki, Türkmənistan İrana yaxın qonşudur. İsrailin İrana hücumunun ilk günündən narahatlığını bildirib. Türkmənistan neytral ölkə olaraq məsələlərin həlli üçün gücdən və ya hədədən istifadənin olunmasını qəbuledilməz hesab edir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.