Bakı. Trend:
Tailand və Kamboca ordularının nümayəndələri aparılan danışıqlarda təmas xəttinə müvəqqəti olaraq qoşunlar yerləşdirməmək barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bu barədə Tailand KİV-ləri məlumat yayıb.
Tailand Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Vintay Suvari bildirib ki, tərəflər bundan başqa atəşkəsin müvəqqəti tətbiqi, hərbi səfərbərliyin dayandırılması və fövqəladə hallarda qarşılıqlı kommunikasiya kanallarının açılması barədə razılığa gəliblər.
Hər iki tərəf - Tailand və Kamboca müdafiə nazirlərinin görüşünədək hərbi əməliyyatları dayandırmaq qərarına gəlib. Bu görüş Tailand-Kamboca Baş Sərhəd Komitəsinin avqustun 4-də Kambocanın paytaxtı Pnompendə keçirilməsi planlaşdırılan iclası çərçivəsində baş tutacaq.
Bundan əvvəl,Tailand və Kamboca ordularının nümayəndələri imzalanmış atəşkəs sazişinin icrası üzrə danışıqlara başlamışdılar.
Qeyd edək ki, Tailand və Kamboca arasında baş verən toqquşmalarda azı 35 nəfər həlak olub, 300 mindən çox insan təxliyə olunub.