Bakı. Trend:
Süni intellekt tətbiqlərində məşhur Hollivud ulduzlarının səsini eşitsəniz təəcüblənməyin. Belə ki, ən iri süni intellekt tərtibatçılarından olan “ElevenLabs” şirkəti pullu tətbiqlərində botların səsləndirilməsində “Oskar” mükafatçıları Metyu Makkonahi və Maykl Keynin lisenziyalı sintentik səsindən istifadə olunması barədə onlarla müvafiq müqavilə bağlayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şirkət San-Fransiskoda “Iconic Voice Marketplace” adlı platformasını istifadəyə verib. Bu platforma brendlərə və yaradıcılara məşhur və tarixi şəxslərin səslərindən etik və lisenziyalı şəkildə istifadə etmək imkanı yaradır.
Bu təşəbbüs süni intellekt əsaslı səs texnologiyalarının məsuliyyətli istifadəsi üçün yeni standartlar müəyyən etməyi, o cümlədən açıq razılıq, şəffaflıq və bütün hüquq sahiblərinə ədalətli ödəniş prinsiplərini təmin etməyi hədəfləyir.
