...

"Volkswagen" və "Porsche" 500 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 6 Yanvar 2026 21:00 (UTC +04:00)
"Volkswagen" və "Porsche" 500 mindən çox avtomobili geri çağırır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Arxa görüntü kamerası ilə bağlı yaranan problemlərə görə Almaniyanın avtomobil istehsalçıları "Porsche" və onun ana şirkəti "Volkswagen" ABŞ-də ümumilikdə yarım milyondan çox avtomobili geri çağırıb.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

NHTSA-nın məlumatına görə, Volkswagen Group of America (Audi markası da daxil olmaqla) proqram təminatındakı nasazlıq səbəbindən ABŞ-da 356 649 avtomobili geri çağırır. Sözügedən nasazlıq arxa görüntü kamerasının görüntüsünün düzgün əks olunmamasına səbəb ola bilər.

"Volkswagen"-in ABŞ bazarında illik satışları 2024-cü ildə təxminən 380 min, 2023-cü ildə isə 330 min ədəd təşkil edib.

Şirkət məsələ ilə bağlı açıqlama verməyib.

Geri çağırma qərarı ötən həftə "Volkswagen"-in lüks brendi "Porsche"-nin də oxşar problemə görə ABŞ-da 173 538 avtomobili geri çağıracağını elan etməsindən sonra verilib. Bu, "Porsche Cars North America" tərəfindən son illərdə həyata keçirilən ən iri təhlükəsizlik geri çağırmalarından biri hesab olunur.

Qeyd edək ki, ötən il NHTSA "Hyundai", "Ford", "Toyota" və "Chrysler" markalarına məxsus avtomobilləri də qəza riskini artıran oxşar arxa görüntü kamerası problemlərinə görə geri çağırmışdı.

NHTSA-nın bildirdiyinə görə, "Volkswagen"-in geri çağırma kampaniyası 2019–2026-cı il istehsalı olan bəzi modelləri əhatə edir və dilerlər proqram təminatını pulsuz yeniləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti