Bakı. Trend:
Hollivud ulduzu Ancelina Coli maliyyəçi Ceffri Epşteyni öz filmlərinin qapalı nümayişlərinə dəvət edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında yerləşdirilmiş məxfilikdən çıxarılmış sənədlərdə qeyd edilib.
Coli elektron poçt vasitəsilə Epşteyni 2014 və 2017-ci illərdə keçirilən premyera nümayişlərinə, eləcə də qapalı gecə tədbirlərinə iki dəfə dəvət edib. Maliyyəçi isə cavab məktublarında təşəkkürünü bildirib və tədbirlərdə iştirak edəcəyinə söz verib.
"Epşteyn işi" ABŞ tarixində ən qalmaqallı işlərdən biri hesab olunur. Maliyyəçi 2000-ci illərin əvvəllərində şəxsi adasında və Manhettendəki evində onlarla yetkinlik yaşına çatmayan qızın cinsi istismara məruz qaldığı "şənliklərin" təşkilatçılığında ittiham olunub.
Epşteynin qonaqları arasında siyasət və şou-biznes sahəsindən bir çox məşhurlar olub. Epşteyn 2019-cu ildə həbs edilib və onu 40 ilədək həbs cəzası gözləyirdi. Lakin maliyyəçi hakim qarşısına çıxmadan Manhetten həbsxanasındakı kamerasında ölüb.
