Bakı. Trend:
Avropa İttifaqı Aİ haqqında Müqavilənin qarşılıqlı müdafiə haqqında 42.7-ci maddəsini işlək vəziyyətə gətirməlidir, bu maddə birlik ölkələrini (xarici) təcavüz hallarında bir-birini müdafiə etmək öhdəliyini nəzərdə tutur.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen fevralın 14-də Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bildirib.
“Qarşılıqlı müdafiə Avropa İttifaqı üçün könüllü bir vəzifə deyil. Bu, öz müqaviləmiz çərçivəsində təcavüz hallarında bir-birimizi dəstəkləmək barədə kollektiv öhdəlikdir. Sadə dillə desək, biri hamı üçün, hamı biri üçün. Avropanın mahiyyəti budur”, – deyə fon der Lyayen qeyd edib.
Bundan əvvəl yanvar ayında Avropa Parlamentinin deputatı Teys Roytend oxşar bəyanatla çıxış edərək, Aİ haqda müqavilənin 42.7 maddəsinin həqiqi işlək vəziyyətə gətirilməsinin vacibliyini vurğulamışdı.
