Bakı. Trend:
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İraqın Kürd Muxtariyyətində separatçı qrupların mövqelərini raketlərlə vurub.
Trend-in məlumatına görə, bununla əlaqədar SEPAH məlumat yayıb.
Məlumata görə, bu gün yerli vaxtla 04:30-da İraqın Kürd Muxtariyyətində separatçı qruplara məxsus 3 məkan raketlərlə atəşə tutulub.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb.
İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata “Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib. Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil olmaqla İranın geniş ərazilərini əhatə edir.
İran həmin gün və sonrakı günlərdə cavab olaraq İsrailə və regiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dron buraxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəfləri vurdu.
Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hind okeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və bu hadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisi olub.
