Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
"İdman oyunları zamanı Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması bəhanədir. Bu kampaniya Azərbaycanın, onun inkişafının əleyhinə aparılan kampaniyadır".
Bunu Trend-ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə son araşdırmalar nəticəsində məlum olan məsələyə - antiazərbaycan kampaniyasının ABŞ Dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması, Azərbaycanın cəzalanması üçün I Avropa Oyunlarından istifadə edilməsinə münasibət bildirərkən deyib.
Komitə rəsmisi bildirib ki, idmanın belə çirkin oyunlara qatılması etik baxımdan çox pis hal hesab edilə bilər: "Idman qurumunun rəhbəri kimi bu fikirdəyəm ki, idmanın siyasətlə heç bir əlaqəsi yoxdur. Onların idmanı bu çirkin oyunlara qatmaları əlbəttə ki, etik baxımdan çox pisdir. Idmanla siyasət tamamilə ayrı-ayrı anlayışlardır".
C.Hüseynzadə bildirib ki, Azərbaycana qarşı həyata keçirilən bütün pis əməllər, anti-Azərbaycan kampaniyasını nəinki bir idman qurumunun rəhbər şəxsi, həm də bir Azərbaycan vətəndaşı kimi pisləyir: "Bir Azərbaycan vətəndaşı, bir insan kimi bu məsələləri çox pis qəbul edirəm. Hesab edirəm ki, bu, Azərbaycana qarşı aparılan çıxışlardır".