...

Sezarın nəvələri hirslənib... deməli haqsızdırlar

Baku 2015 : EUROGAMES Materials 9 İyun 2015 13:17 (UTC +04:00)
Yuli Sezar aynanın qarşısında dayanaraq özünə baxıb və deyib: “Sezar, hirslisən? Deməli, haqsızsan!”.
Sezarın nəvələri hirslənib... deməli haqsızdırlar

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Yuli Sezar aynanın qarşısında dayanaraq özünə baxıb və deyib: "Sezar, hirslisən? Deməli, haqsızsan!". Bizə qarşı hirsləniblər, bunun səbəbi uğursuzluqlarıdır. Getdikcə daha emosional olurlar, bunun səbəbi isə soyuqqanlılıqlarını itirmələridir. Get-gedə daha mobil, operativ və təşkilatlanmış olmağa çalışırlar, çünki tədricən bu keyfiyyətlərini itirdiklərindən xəbərdardırlar...

İlk Avropa Oyunları və Azərbaycan məkanı: Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı

Hər şey ondan başladı ki, Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etdi. Əlbəttə ki, bu qərarın qəbul edilməsi üçün müvafiq şəraiti istər demokratiya, istər söz və mətbuat azadlığı, insan hüquqları, istərsə də insan resursları, iqtisadi inkişaf və təhlükəsizlik baxımından Avropadan heç də geri qalmayan Azərbaycanın özü formalaşdırdı. Bu qərar qəbul edilərkən artıq Azərbaycan Avropanın nüfuzlu idman mərkəzlərindən biri kimi özünü təsdiq etmişdi. Eyni zamanda, Avropa ilə çoxşaxəli və səmərəli əməkdaşlığa malik olan demokratik ölkə imici daşıyırdı...

Bu qarşılıqlı əməkdaşlıq həm hər iki tərəf üçün keyfiyyətcə yeni münasibətlərin yaranmasına gətirib çıxaracaqdı, həm də Avropa qitəsinə yeni dinamizm, mədəniyyət, düşüncə tərzi təqdim edə biləcək coğrafi məkan qazandıracaqdı. Çünki Azərbaycan elə bir məkandır ki, burada multikulturalizm və tolerantlıq ənənələri əks olunub, eləcə də ədəbiyyatdan başlamış fəlsəfəyə, riyaziyyata, siyasətə qədər böyük dahilər yetişib.

Anti-Azərbaycan dairələrin təzyiq cəhdləri və "qara piar" kampaniyası

Təbii ki, sadaladıqlarımız Azərbaycanın Avropa məkanına inteqrasiyasında yeni mərhələnin başlanmasını şərtləndirir. Buna paralel olaraq bu gün Avropa Oyunları artıq baş tutmuş hesab olunur. Bu zamana qədər cərəyan edən hadisələrin hamısı, əslində, Azərbaycanın lehinə oldu. Əlbəttə ki, Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığının yüksək səviyyədə olması, ilk Avropa Oyunlarına hazırlığın beynəlxalq miqyasda təqdir edilməsi ölkəmizi sevməyən anti-Azərbaycançı mərkəzləri və Avropadakı islamofob dairələri hərəkətə gətirdi. Belə olan halda, Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq tərəfdarları ilə (rasional düşünən tərəflərlə) radikal qruplaşmalar, islamofob dairələr arasında rəqabət başladı. Bu rəqabətdə artıq müəyyən mərhələ arxada qalıb. İndiki mərhələdə bu rəqabətdə əqlin, idrakın, rasional düşüncənin, yoxsa islamofobiyanın, radikalizmin qalib gəlməsi ilə bağlı ilkin qənaət ifadə edə bilərik. Bəri başdan deyək ki, rasional düşüncə və praqmatik fəaliyyət ötən hər gün bir az daha önə keçir.

Nəyə görə ilk Avropa Oyunları ərəfəsində Azərbaycan bu qədər tənqidə məruz qalır?

Bəs bizdən nə istəyirlər, nəyə görə ilk Avropa Oyunları ərəfəsində Azərbaycan bu qədər tənqidə məruz qalır? Bu istiqamətdə cərəyan edən proseslər və hadisələrə dair qənaətlərimizi ümumiləşdirib deyə bilərik ki, ilk növbədə, imperialist mərkəzlər Azərbaycana öz şərtlərini qəbul etdirməyə - diktə etməyə çalışırlar. Hazırda beynəlxalq münasibətlərdə ya müstəqil olub milli mənafeyi və maraqları qoruyacaqsan, ya da aslı vəziyyətdə olaraq milli maraqlardan ciddi şəkildə güzəştə gedəcəksən. Azərbaycan birinci mövqedən çıxış edir və tam müstəqil siyasət yeridərək öz maraqlarını qorumağı bacarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfərlərlə bu mövqeyi ifadə edib və bildirilib ki, ölkəmizin siyasi müstəqilliyinin əsası onun iqtisadi müstəqilliyidir.

Şübhəsiz, imperialist mərkəzlər və Avropadakı islamofob dairələr Azərbaycanın müstəqilliyini və milli gücünü qəbul edə bilmir, o səbəbdən bu cür kampaniyalar aparırlar.

Morgentauya görə güc, yaxud milli güc təzyiqlərə qarşı

Beynəlxalq münasibətlərdə "Güc nəzəriyyəsi"nin banısı Hans Morgentau qeyd edir ki, normal vəziyyətdə A dövlətinin B dövlətinə qəbul etdirə bilmədiyini qəbul etdirən vasitə gücdür. Bu, fiziki, mədəni, iqtisadi, hərbi güc ola bilər. Və yaxud bu, "yumşaq güc" kimi dəyərləndirilən vasitə ola bilər. "Yumşaq güc" dedikdə isə media, QHT-lər, sosial şəbəkə və s. nəzərdə tutulur. Məhz Azərbaycana qarşı bəhs olunan dairələrin tətbiq etdiyi vasitə "yumşaq güc"dür. Bunun bariz nümunəsi kimi biz mayın 22-də Avropa İttifaqı Şurasında Latviyanın sədrliyi ilə Riqada keçirilmiş "Şərq Tərəfdaşlığı" sammitində Azərbaycana qarşı münasibətdə gördük. Bizi tərəfdaşlığa cəlb etmək istəyən mərkəzlər Azərbaycanın ərazi bütövlüyü məsələsinə birmənalı yanaşmırlar. Həmin sammitin bəyannaməsində də bunu qeyd etmək istəmirdilər və öz şərtlərini diktə etmək niyyətinə idilər. Amma Azərbaycan öz müstəqil və milli maraqlara əsaslanan mövqeyini əsas tutaraq prinsipiallıq nümayiş etdirdi. Biz bundan sonra ölkəmizə qarşı daha şiddətli hücumların şahidi olduq. "Xristian klubu" kimi çıxış edən beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə bəraət qazandırmağa çalışdılar. Bu təzyiqlərin başqa bir səbəbi isə Azərbaycanın karbohidrogen ehtiyatlarına nəzarəti ələ almaq idi. Amma Azərbaycan öz müstəqil mövqeyindən bir addım da geri çəkilmədi və siyasi iradəsini nümayiş etdirdi. Ona görə də indi bizə qarşı daha şiddətli hücuma keçiblər, Qarabağı unutdurmaq üçün, ölkəmizdə "idarə olunan xaos" yaratmaq üçün, müstəqilliyimizi əlimizdən almaq üçün... Bunları etmək üçün "yumşaq güc"ün bütün cəbbəxanasını səfərbər ediblər. Normal vəziyyətdə qəbul etdirə bilmədiklərini, belə şiddətli təzyiq altında qəbul etdirməyə çalışırlar... Ancaq unudurlar ki, elə həmin güc nəzəriyyəsində bir də "milli güc" anlayışı var. Bu güc isə hazırda Azərbaycanın nümayiş etdirdiyi gücdür. Milli birliyə, xalq hakimiyyət birliyinə əsaslanan güc. Elə, H. Morgentaunun dediyi milli güc məhz budur!

İslamofob dairələrin hücumları Azərbaycanda immunitet yaratdı

Əslində, bu hücumlar Azərbaycanda immunitet yaratdı və ölkəmiz öz mənafeyini uğurla qorudu. Bunun üçün biz ilk növbədə Azərbaycan Prezidentinin çevik xarici siyasətinə, Azərbaycan diplomatiyasına, ölkənin ictimai-siyasi institutları ilə işləyən Prezident Administrasiyasının müvafiq şöbəsinə, ilk Avropa Oyunları ilə bağlı obyektiv və operativ informasiyanı təqdim etməyi bacaran, yüksək səviyyədə hazırlıq işləri görən Avropa Oyunları Təşkilat Komitəsinə borcluyuq.

Tək yaylım atəşdən, uzaq vuran toplara qədər...

Ölkəmizə qarşı "qara piar" kampaniyasının birinci mərhələsində biz Azərbaycana qarşı ayrı-ayrı müəlliflərin təbliğat xarakterli məqalələrinə rast gəldik. İkinci mərhələdə isə müxtəlif beynəlxalq təşkilatlar ("Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" və s.) vasitəsilə hücumlar təşkil etdilər. Bunlar arzuolunan effekti vermədiyi üçün islamofob dairələr - imperialist mərkəzlər Avropanın bir sıra rəsmi qurumlarını prosesə cəlb etdilər. Bu qurumlarda (Avropa Şurası, Avropa Parlamenti və s) təmsil olunan şəxslər vasitəsilə Azərbaycanı şantaj etməyə başladılar. Amma Azərbaycan öz müvazinətini və soyuqqanlılığını qoruyub saxlaya bildi və hücumları dəf edərək qələbə çaldı. Bunu görən imperialist dairələr daha uzaqvuran, daha güclü silahlara əl atıblar.

BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujineksin imzasıyla iyunun 3-də "OpenDemocracy" portalında məqalə yerləşdirildi. Məqalədə qeyd edilib ki, son 12 ayda narazılıq bildirmək və güclüləri təftiş etmək Azərbaycanda çox riskli bir işə çevrilib. Əslində, bu, qeyri-obyektiv yanaşma olmaqla yanaşı, həm də Azərbaycanın gücünün etirafıdır. Eyni zamanda, bu, son 12 aya qədər Azərbaycanı ittiham etdikləri fikirlərin əsassız olduğunu göstərir. Onların məntiqinə görə, bu proseslər 12 ay əvvəl başlayıbsa, deməli, ondan əvvəl hər şey yaxşı idi. Təkcə bu fikirdəki ziddiyyət, qeyri-dəqiqlik və emosionallıq Azərbaycana qarşı hücumlar edən islamofob dairələrin uğursuzluğunun göstəricisidir.

Azərbaycanın milli gücü və mediası anti-təbliğatı təbliğata çevirməyi bacardı

Bu prosesdə Azərbaycan mediasının rolu və fəaliyyətindən də bəhs etmək lazımdır. Ölkə mediası bir müddət öncə Azərbaycana qarşı planı əldə etdi və ictimailəşdirdi. Bu, anti-Azərbaycançı dairələrdə şok effekti yaratdı. Əvvəlcə onlar bunu təkzib etdilər, amma sonrakı addımlarında hər bir bəndi ardıcıl surətdə həyata keçirməklə özlərini ifşa etdilər. Bu məkrli plana qarşı Azərbaycanın ictimai institutlarının səfərbər edilməsi Avropadakı imperialist və islamofob dairələrə şok yaşatdı.

Şübhəsiz, bu cür hücumların dəf edilməsində və uğurlu addımları atılmasında "Bakı-2015" ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin, o cümlədən ölkəmizdəki vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti yüksək qiymətləndirilməlidir.

"İdarə olunan xaos" planı Azərbaycanda baş tutmadı, yaxud "ictimai xof" alınmadı

Azərbaycan "idarə edilən xaos" nəzəriyyəsinin tətbiq edildiyi ölkə olmaqdan qorundu və Avropadakı imperialist mərkəzlərin planı baş tutmadı. Bu mərhələdə ölkəmizdə ictimai fikir daşıyıcısı olan hər bir fərd bu proseslərin mahiyyətini bir daha yaxşıca dərk etdi.

O da qeyd edilməlidir ki, Azərbaycan əleyhinə hadisələr təkcə sosial məkanla, media ilə məhdudlaşmadı. İddia edilə bilər ki, ölkəmizdə baş verən bəzi hadisələrdə bəhs olunan qüvvələrin birbaşa və ya dolayısı ilə iştirakları oldu. Biz bunu Binəqədi rayonunda yüksəkmərtəbəli binada baş vermiş yanğına da şamil edə bilərik. Doğrudur, bununla bağlı Təhqiqat komissiyası yaradılıb və müvafiq araşdırmalar aparılır. Hər halda, bu hadisə və bundan sonra baş verən müxtəlif xarakterli yanğın hadisələri ictimai xof yaratmağa hesablanmışdı. Belə düşünülmüşdü ki, ilk Avropa Oyunları ərəfəsində Azərbaycana akkreditasiya olunmuş 1500-dən çox jurnalistin işi, əslində, ölkəmizin yanmış və qara boyanmış rəngini Avropa mətbuatına daşımaqdan ibarət olmalıdır. Amma anti-Azərbaycan dairələr burada da dəqiq hesablama aparmamışdılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı və qısa zamanda müvafiq tədbirlər görüldü. İmkan verilmədi ki, bu hadisələrdən sui-istifadə edərək narazılar qrupu formalaşdırılsın və bundan katalizator kimi istifadə edilsin. Prezident qeyd etdi ki, Avropa oyunları, başqa tədbirlər bu faciənin qarşısında heçə bərabərdir. Bu həm ictimai fikri təsəlli edən, onun yarasına məlhəm olan, həm də ictimai əhval-ruhiyyəni imperialistlərə qarşı səfərbər edən bir fikir idi. Beləliklə, Avropadakı dairələrin daha bir "effektiv kart"ı əllərindən alınmış oldu.

İcra hakimiyyəti başçılarından təqdirəlayiq hərəkətlər

Bu məqamda haşiyə çıxıb xüsusi bir məsələni qeyd etmək istərdik. Belə ki, Azərbaycanda rayon icra hakimiyyəti başçılarını əksər hallarda sevmirlər. Ancaq yanğından sonra 268 binanın yenidən üzlənməsi, hadisənin izlərinin qısa müddətdə silinməsi heç bir inzibati məcburetmə qaydasında mümkün olan iş deyildi. Burada sadəcə ürək, cəsarət, mənsub olduğu komandaya sədaqət və xalqını sevmək keyfiyyətləri lazım idi. Qısa zamanda bu fəsadın nəticələrinin aradan qaldırılması istiqamətində icra başçılarının gördükləri işlər onların Prezidentə və mənsub olduqları siyasi komandaya sədaqətlərindən xəbər verdi. Onlar bununla bir daha Azərbaycan Prezidenti ətrafında vahid və nizamlı bir siyasi ansamblın olduğunu isbat etdilər.

Başlanğıc sürət, yaxud "riyazi rəqqas" Azərbaycanın lehinə çevrildi

Fizikada belə bir qanun var: hər hansı bir cisimi hərəkətə gətirmək üçün ona başlanğıc sürəti vermək lazımdır. Bundan sonra o, itələmə gücünə müvafiq olaraq müəyyən məsafə qət edəcək və dayanacaq. Avropa Oyunları ərəfəsində Azərbaycanın əleyhinə təşkilatlanmış qruplara başlanğıc hərəkət verildi. Azərbaycan ictimai-siyasi institutları isə bu mexanizmin önünə tormozlayıcı vasitələr çıxarmaqla onun hərəkətini hədəfə çatmamış dayandırdılar və əks hərəkət verdilər. Beləliklə, həmin mexanizm "bumeranq" kimi onların özünə qayıtdı. Və qətiyyətlə deyə bilərik ki, "riyazı rəqqas" artıq anti-Azərbaycançı dairələrin yox, Azərbaycanın lehinə işləyir.

Nəticədə isə, Azərbaycan xalqı bu prosesdə düşmənlərini daha dəqiq tanıdı, xaricdən gələn mənfi impulslara qarşı xüsusi immunitet qazanmış oldu və bir daha müəyyən etdi ki, taleyi öz əlindədir, qədərini özü müəyyənləşdirir, "idarəolunan xaos"a münbit şərait yaradıb qeyri-sabitlik məkanı olmayacaq, Qarabağı heç vaxt unutmayacaq, ərazi bütövlüyünü bərpa edəcək və öz sərvətlərinin sahibi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti