...

Rəsmi Bakı Böyük Britaniya silahının təcavüzkar Ermənistan tərəfindən istifadə edilməsindən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2015 14:24 (UTC +04:00)
Rəsmi Bakı Böyük Britaniyanın istehsalı olan snayper tüfənginin işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən istifadə edilməsindən narahatdır.
Rəsmi Bakı Böyük Britaniya silahının təcavüzkar Ermənistan tərəfindən istifadə edilməsindən narahatdır

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir Səba Ağayeva/

Rəsmi Bakı Böyük Britaniyanın istehsalı olan snayper tüfənginin işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən istifadə edilməsindən ciddi narahatdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Krallığının "Accuracy İnternational" şirkətinin istehsalı olan snayper tüfənglərinin Azərbaycana qarşı təcavüz və işğal törətmiş Ermənistan silahlı qüvvələrinin istifadəsində olması ciddi narahatlıq doğurur.

Onun sözlərinə görə, diplomatik kanallar vasitəsilə Azərbaycan tərəfinin bu məsələ ilə əlaqədar ciddi narahatlığı Böyük Britaniyaya çatdırılıb:

"Böyük Britaniya ATƏT-in qərarına uyğun olaraq, Ermənistan və Azərbaycana silah embarqosunu tətbiq etdiyi və bu embarqonun ölkə qanunvericiliyində təsbit olunduğu bildirilir. Böyük Britaniya tərəfindən verilən rəsmi cavabda bu snayper tüfənglərinin digər Avropa İttifaqı ölkəsində olan şirkət vasitəsilə satışının həyata keçirildiyi qeyd olunur. Bu halda, Böyük Britaniyanın İxraca nəzarət təşkilatı son istifadəçi şəhadətnaməsini (end-user certificate) tələb etməli idi".

H.Hacıyev bildirib ki, rəsmi Bakı istehsalçı və ixracatçı ölkənin milli qanunvericilik, o cümlədən Avropa İttifaqı çərçivəsində ixraca nəzarəti tənzimləyən qaydalardan çıxış edərək, "Accuracy İnternational" və Ermənistana satışı həyata keçirən şirkətdən "end-user certiface"-in tələb olunması və lazımı hüquqi addımların atılmasını gözləyir:

"Narahatlıq doğuran məqam ondan ibarətdir ki, "Accuracy İnternational" şirkətinin nümayəndələri KİV-ə verdikləri açıqlamalarda Ermənistana daha yeni növ snayper tüfənglərinin satışını həyata keçirdiklərini bildiriblər".

H.Hacıyev vurğulayıb ki, Ermənistan əldə etdiyi bu kimi hücum silahlarını Azərbaycana qarşı işğal və təcavüzünü davam etdirmək və xüsusilə, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərdə yaşayan mülki insanları, o cümlədən qadın və azyaşlı uşaqları hədəfə almaq üçün istifadə edir:

"Ermənistanın müxtəlif yollar, o cümlədən saxta ticarət əməliyyatları və "qara bazar" vasitəsilə snayper tüfənglərini əldə etməsi cəhdləri snayperlərin təmas xəttindən çəkilməsi barəsində Ermənistanın irəli sürdüyü iddiaların bir daha tamamilə əsassız və yalan olduğunu sübut edir. İşğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaq əvəzinə Ermənistanın "etimad quruculuğu" imitasiyası məqsədi daşıyan bu kimi riyakar iddiaları əslində işğal və təcavüzün davam etdirilməsinə xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti