...

Əli Həsənov: Gəncənin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi Azərbaycan üçün qürurverici bir haldır

Siyasət Materials 4 May 2016 16:37 (UTC +04:00)
Gəncə şəhərinin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi sözün həqiqi mənasında Azərbaycan üçün, bütün Azərbaycan gəncləri üçün qürurverici bir haldır.
Əli Həsənov: Gəncənin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi Azərbaycan üçün qürurverici bir haldır

Bakı. Trend:

"Avropa Gənclər Paytaxtı" Avropa Gənclər Forumunun 2009-cu ildən həyata keçirdiyi çox mühüm beynəlxalq layihədir və Gəncə şəhərinin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi sözün həqiqi mənasında Azərbaycan üçün, bütün Azərbaycan gəncləri üçün qürurverici bir haldır. Trend-in məlumatına görə, bunu mayın 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı" layihəsinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, ilk dəfə olaraq, Avropa Gənclər Paytaxtı titulunu Aİ üzvü olmayan bir ölkə - Azərbaycan qazanıb: "Bəlkə də buna görə bu gün Azərbaycan xalqının, Azərbaycan gəncliyinin fəxarət hissi duymağa tam haqqı var. Biz Avropanın tərəfdaşıyıq, Avropa ilə tərəfdaşlıq əlaqələrinə malikik, bütün sahələr üzrə Avropanın mədəniyyətini, sivilizasiyasını Azərbaycanda da yaşadırıq, inkişaf etdiririk, ona əlavə Şərq mədəniyyətini, mentalitetini, milli-mənəvi dəyərlərini əlavə edərək dünya sivilizasiyasına öz töhfələrimizi veririk".

PA rəsmisi Azərbaycanın gənclər siyasətinə də toxunub: "Hər beş ildən bir Azərbaycanda gənclər siyasəti üzrə dövlət proqramı hazırlanır. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" çərçivəsində Azərbaycan gənclərinin mədəni, mənəvi, fiziki və digər inkişafı ilə bağlı bütün sahələr üzrə kompleks tədbirlər həyata keçirilir".

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda gənclər siyasətini həyata keçirən dövlət qurumları və qeyri-hökumət təşkilatları Avropa strukturları ilə çox sıx konstruktiv əməkdaşlıq yarada bilib: "Bunun da nəticəsidir ki, bu gün Avropada və dünyada gənclərlə bağlı elə bir tədbir yoxdur ki, Azərbaycan orada təmsil olunmasın. Azərbaycan gənclərinin dünya gəncləri sırasında qabaqcıl sıralarda təmsil olunması ona gətirib çıxarıb ki, məhz Azərbaycan Avropa ölkələrindən kənarda Avropa Gənclər Paytaxı statusuna layiq görülüb".

Prezidentin köməkçisi bildirib ki, hazırda dünyada 14-29 yaş arasında olan gənclərin sayı əhalinin ümumi sayının 28 faizini təşkil edir: "Avropada bu rəqəm müvafiq olaraq 21 faiz, Azərbaycanda 29 faizə yaxındır. Gəncə şəhərində isə bu rəqəm Azərbaycan üzrə lider göstəricilərdən biridir - 30 faiz. Statistika da göstərir ki, Gəncə Avropanın Gənclər Paytaxtı statusunu qazanan ən layiqli şəhərlərdən biridir".

Ə.Həsənov deyib ki, Azərbaycan son 20 ildə Cənubi Qafqazın multikultural mərkəzinə çevrilib: "Azərbaycan müxtəlif nominasiyalı beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu proses davam edir. Gəncə şəhəri də bu il Avropa Gənclər Paytaxtı kimi diqqət mərkəzində olacaq. Cari ildə təkcə bu şəhərdə 250-dən çox tədbir planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti