Bakı. Trend:
“Freedom House” ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: “Burada deyilir ki, Azərbaycan strateji tərəfdaşlığı hədəfləyərək Avropa İttifaqı ilə əlaqələrini genişləndirməyə və dərinləşdirməyə can atır. Təkcə biz deyil, Avropa İttifaqı da bizimlə münasibətləri dərinləşdirməyə çalışır. Ona görə də düşünürəm ki, bu mətn bizim əməkdaşlığımızın əsl məğzini əks etdirmir. Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır. Yeri gəlmişkən, ümumiyyətlə, bizim Avropa İttifaqı ilə çox yaxşı münasibətlərimiz var. Biz Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalamışıq. Ona görə də bizim Avropa İttifaqı, üzv ölkələr və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var.
Burada o da deyilir ki, ATƏT-in Bakıdakı ofisi Azərbaycan hökuməti ilə ATƏT arasındakı anlaşma memorandumuna xitam verməklə bağlı Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlanıb. Bəli, buna xitam verilib, lakin məlumat üçün deyim ki, bunun səbəbi olub. ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu ailəyə Azərbaycanda çox hörmətlə yanaşılır. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir.
Buradakı bir cümlədə isə deyilir ki, biz heç bir izahat vermədən ofisi bağlamışıq. “Freedom House” Azərbaycanın azad olmadığını, internetin qismən azad olduğunu, son 10 ildə bütün Avrasiyada demokratik idarəetmədə ən çox geridə Azərbaycanın qaldığını hesab edir. Təsəvvür edirsiniz? Bu, tamamilə gülüncdür və yəqin ki, şərh etməyə dəyməz”.
Prezident İlham Əliyev “Freedom House” təşkilatının fəaliyyətinə də toxunub: “Freedom House”a gəlincə. “Freedom House” isə ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Uzun illər “Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. Deyim ki, “Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir.
Burada deyilir ki, 2015-ci ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Avropa Parlamenti seçkiləri müşahidə etmək üçün missiya göndərməkdən imtina edib. Siz imtina etdiniz, digərləri isə etmədi. Avropa Şurası Parlament Assambelyası gəldi, seçkiləri müşahidə etdi və çox müsbət bəyanat verdi. Beləliklə, Avropa Parlamentinin iştirak etməməsi heç nəyi dəyişmədi, nəticələrə və müsbət rəyə təsir etmədi. Həmçinin bir çox başqa məsələlər... Bundan sonra parlamentimiz qətnamə qəbul etdi. Mən bunu tam oxuya bilərəm, lakin düşünürəm ki, siz bununla bağlı məlumatlısınız. Ona görə də ona toxunmayacağam. İndi vəziyyət belədir. Faktiki olaraq bir ildir heç bir əlaqəmiz yoxdur. Bu, bizim ucbatımızdan baş verməyib. Biz digər Avropa təsisatları - Avropa İttifaqı, Avropa Şurası, ATƏT-lə işləməyə davam edirik. Lakin Avropa Parlamenti Azərbaycanla bağlı bu mövqeyi tutmağı qərara aldı. Bizdə olan məlumata görə, bu sənəd qurumun rəhbərləri, xüsusilə də bilmirəm hansı səbəbdən Azərbaycana nifrət edən və hər dəfə bizim nüfuzumuza xələl gətirməyə çalışan Şults və Lunaçek tərəfindən təşkil olunub. Bizdə olan məlumata görə, bu qətnamə Avropa Parlamentinin prosedurlarına zidd olaraq qəbul edilib. Avropa Parlamentinin bəzi üzvləri bunu etməməklə bağlı xəbərdarlıq ediblər. Mən onlardan birinin “Biz Azərbaycanı itirəcəyik” dediyini eşitmişəm, yəqin ki, o, haqlı idi. Avropa Komissiyasının komissarı da danışıb, xəbərdarlıq edib, lakin onları dinləməyiblər və nəticədə nə oldu? Heç bir münasibət, heç bir əlaqə yoxdur. Biz parlamentimizdə işçi qrupu yaratmadıq. Biz Avronestdəki fəaliyyətimizə xitam verdik. Vəziyyət belədir. Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?”