...

TERRİ DEVİS MSK SƏDRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 5 Sentyabr 2005 19:42 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurasının baş katibi Terri Devis sentyabrın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Görüşdə bu il noyabrın 6-də keçiriləcək parlament seçkiləri barədə müzakirələr aparılıb. Məzahir Pənahov seçkilərə hazırlıqla bağlı MSK-nın gördüyü işlər, komissiyanın fəaliyyəti, seçkiöncəsi həyata keçirilən tədbirlər, seçkinin indiki mərhələsinin gedişi, namizədlərin qeydə alınması prosesi barədə T.Devisə məlumat verib.

Terri Devis parlament Azərbaycanda keçiriləcək parlament seçkilərinə xüsusi önəm verdiyini və buna görə də seçkidən iki ay əvvəl Azərbaycana gəldiyini deyib.

O, bu seçkilərin Azərbaycanda demokratiya istiqamətində irəliyə doğru addım olacağına ümid etdiyini dilə gətirib. T.Devis əlavə edib ki, heç bir yerdə ideal seçki keçirmək mümkün deyil, buna baxmayaraq Azərbaycanın Mərkəzi Seçki Komissiyası xeyli işlər görüb.

T.Devis seçici siyahıları, seçici vəsiqələri haqqında M.Pənahova suallar verib, seçki ilə əlaqədar maarifləndirmə işləri ilə, həmçinin Xankəndi seçki dairəsindəki vəziyyətlə, məcburi köçkünlərin səsverməsi ilə maraqlanıb.

Məzahir Pənahov onun diqqətinə çatdırıb ki, məcburi köçkünlər ölkənin müxtəlif yerlərinə səpələniblər, buna görə də onların siyahısını hazırlamaq və seçkilərə cəlb etmək çox çətindir. Buna baxmayaraq məcburi köçkünlər üçün müxtəlif yerlərdə məntəqələr yaradılıb, MSK indi isə fəaliyyəti yenicə bərpa edilmiş Xankəndi seçki dairəsi üzrə məntəqələr yaradılmasına çalışır.

Xəbər lenti

Xəbər lenti