...

Ukraynada "Qarabağ tarixin gərdişində" sənədli filminin təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 10 Fevral 2010 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Ukraynada həmin ölkənin dövlət dilində "Qarabağ tarixin gərdişində" sənədli filminin təqdimatı olub.

Trend -un məlumatına görə, filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımından söhbət açılır. Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə hazırlanmış filmin həmmüəllifləri Ukraynanın Birinci milli telekanalının şərhçisi Georgi Spasokukotski və AzTV-nin Ukraynadakı müxbir məntəqəsinin rəhbəri Mövsüm Aslanovdur.

Filmin nümayişindən sonra keçirilən müzakirələrdə ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva əzəli torpaqlarımızın işğal altında olmasından, erməni terrorizmindən və vəhşiliklərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından söhbət açmışlar. Onlar Azərbaycan xalqının başlıca problemini dərin və eyni zamanda, hərtərəfli təqdim edən filmi yüksək qiymətləndiriblər.

Çıxış edənlər Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri nümayiş etdirən müxtəlif mətbu məhsullarına, video və fotomateriallarına, habelə "Xocalıya ədalət" kampaniyasının internet saytının yaradılmasına görə (www/justiceforkhojaly.org) Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Bu internet səhifəsi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Tədbirdə belə bir tarixi filmin hazırlanmasına görə ssenari müəllifləri Georgi Spasokukotskiyə və Azərbaycan Televiziyasının Ukrayna və Şərqi avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğluna, filmin rejissorları İqır Rıjenko və Anar Tahirova, o cümlədən filmin hazırlnmasında çəkiliş qrupuna maddi məməvi arxa duran Mohlet Hüseynova minnətdarlıq edilib.

Ukrayna Ali Radasının deputatı Anatoli Raxanski, Kiyevin Peçyorsk rayon şurasının deputatı Vilayət Quliyev, "qaynar nöqtələr"də döyüşmüş İqor Mijur və başqaları film haqqında təəssüratlarını bölüşüblər.

Səfir Tələt Əliyev bildirib ki, bu tədbir Azərbaycanın tarixində faciəli səhifələr barədə Ukrayna ictimaiyyətinə məlumat verilməsi ilə əlaqədar ötən ilin yayından başlanmış və diplomatik nümayəndəliyimizin təşəbbüsü ilə reallaşdırılan böyük kampaniya çərçivəsində həyata keçirilir. Səfir "Qarabağ tarixin gərdişində" filminin yaradıcı kollektivinə səfirliyin fəxri fərmanlarını təqdim edib.

Paşayeva ssenarinin həmmüəllifi Georgi Spasokukotskiyə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Qarabağ gerçəklikləri" video məhsulunu və Tatyana Зaladzenin "Qarabağ soyqırımı: məhkum Xocalı" kitabını təqdim edib.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rüfət Quliyev və Nizami İsgəndərov, səfirliyin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Tofiq Qasımov, Azərbaycan DİN-nin Kiyevdəki nümayəndəsi polis polkovniki Zəfər Əbiyev, idman gimnastikası üzrə olimpiya çempionu Stella Zaxarova, GUAM katibliyi iqtisadi layihələrinin əlaqələndiricisi Səbuhi Temirov, "Azərbaycan Hava Yolları" ASC-nin Ukraynadakı nümayəndəsi Yaşar Əmirov, Ukrayna Azərbaycanları Konqresinin Kiyev şəhər Təşkilatının sədri Oleq Krapivin, diasporumuzun fəalları, azərbaycanlı tələbələr, müsəlman ruhanilərinin, Ukrayna ictimaiyyətinin nümayəndələri və başqaları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti