Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva noyabrın 5-də Moskvada Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyinin rəhbəri Sergey Pospelovla görüşüb.
Trend AZƏRTAC-a istinadən məlumat verir ki, görüşdə könüllülük və skaut hərəkatları, ekologiya, istedadlı gənclərin, Azərbaycanda rus dilinin və Rusiyada Azərbaycan dilinin dəstəklənməsi üzrə müştərək layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
RAGB-nin sədri Leyla Əliyeva qeyd edib ki, Azərbaycanda tədrisin rus dilində olduğu bütün məktəblər qorunub saxlanıb, Rusiya mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirlər keçirilir. Bakıda Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Sergey Yeseninin xatirə gecəsinin keçirilməsi planlaşdırılır. Leyla Əliyeva onu da qeyd edib ki, RAGB Rusiyanın ali məktəblərində təhsil alan əlaçı tələbələr üçün xüsusi təqaüd ayırır.
Sergey Pospelov isə qeyd edib ki, Azərbaycan və Rusiya gəncləri bir sıra beynəlxalq məkanlarda vahid mövqedən çıxış edirlər və bu, sevindirici haldır. O, Soçidə F1 yarışlarının keçirilməsi üzrə təşkilat komitəsinin könüllülər korpusunun köməyini təklif edib. Bu təcrübə 2016-cı ildə Bakıda keçiriləcək yarışlar üçün faydalı ola bilər.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyinin rəhbərinin müşavirləri Denis Zavarzin və İlya Yarmanov, habelə RAGB idarə heyətinin üzvü Emin Hacıyev görüşdə iştirak ediblər.
Tərəflər görüşdə Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu arasında əməkdaşlıq haqqında razılığa gəliblər.