...

20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2017 18:53 (UTC +04:00)
SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.
20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi (FOTO)

Bakı. Trend:

SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, faciələrimizi unutmamalı, onların əsl mahiyyətini gələcək nəsillərə çatdırmalıyıq.

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsindən 27 il ötür. Bu münasibətlə bütün idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir, hadisənin əsl mahiyyəti geniş təhlil olunur. SOCAR-ın «Neftqazelmitədqiqatlayihə» İnstitutunda keçirilən tədbirdə də bizləri hər zaman düşündürən «20 Yanvar qətliamının törədilməsinin əsas səbəbi nə olmuşdur» sualı ətrafında fikirlər açıqlanıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və 20 Yanvar hadisələrini əks etdirən filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılov Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiqlənən «20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı»nda əksini tapan tədbirlərdən bəhs edərək bildirib ki, faciələrimizi unutmamalı, onların əsl mahiyyətini gələcək nəsillərə çatdırmalıyıq. Şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin xüsusi diqqət göstərdiyi əsas məsələlərdəndir.

O da bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. 1990-cı ilin 19-20 yanvar tarixlərində əsasən ermənilərdən ibarət sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədib, günahsız insanlar qətlə yetirilib, yaralanıb, əlil olub, itkin düşüb. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Lakin dünya bu qətliama göz yumdu.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, 20 Yanvar faciəsini nə qədər böyük ürək ağrısı ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirib. Azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək Azərbaycan xalqının ən böyük arzusu olub.

V.Rəhimzadə qeyd edib ki, həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda ulu öndər Heydər Əliyev Moskvada təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etmişdi.

Bildirilib ki, 20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi və siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsil həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar da günahkar idilər.

V.Rəhimzadə bildirib ki, mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir.

YAP Siyasi Şurasının üzvü ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərək vurğuladı ki, ölkəmiz 1993-cü ildən başlayaraq inkişaf yolunda inamla irəliləyir. Son on üç ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir. Uğurlarımız müstəqilliyimizi daimi, dönməz və əbədi edir.

V. Rəhimzadə diqqətə çatdırdı ki, Azərbaycanın uğurları yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına böyük inam yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Xankəndidə, Şuşada dalğalanacağı gün uzaqda deyil.

«Neftqazelmitədqiqatlayihə» İnstitutunun əməkdaşları Famil Vəliyev, Ələddin Həsənov və Ülviyyə Məmmədova çıxış edərək bildirdilər ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur. 1990-cı ilin 19-20 yanvar tarixlərində baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoydu. O qanlı-qadalı günlərdə Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti