...

Azərbaycan diasporunun yaranması: reallıqlar və inkişaf mərhələsi

Cəmiyyət Materials 15 Sentyabr 2010 15:31 (UTC +04:00)
Azərbaycan diasporunun yaranması – reallıqlar və inkişaf mərhələsi
Azərbaycan diasporunun yaranması: reallıqlar və inkişaf mərhələsi

Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir.

Azərbaycan Respublikası da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə, diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.

Bir sıra ölkələrin təcrübəsi göstərir ki, dövlətin öz xarici siyasətini uğurla həyata keçirməsi üçün diasporun rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Bir xalqın dünyada güclü diaspora malik olması beynəlxalq qurumlarda həmin dövlətin xeyrinə qərarların qəbul edilməsində, digər dövlətlərin qeyd olunan dövlətə qarşı loyal münasibətlər sərgiləməsində mühüm əhəmiyyət kəsb edir. Yəni dövlət digər dövlətlərin daxilində müəyyən rıçaqlara sahib olur ki, bu da öz növbəsində, xarici siyasətdə öz köməyini göstərir. Buna görə də dövlətin özü də dünyada diasporunun güclənməsi üçün vacib işlər görməyə çalışır.

Azərbaycanda dövlətçilik ənənələrinin dərin tarixi kökləri olduğuna görə, dünyada Azərbaycan diasporunun formalaşması da qədim tarixə söykənir.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) diasporun formalaşma tarixini bir neçə mərhələyə bölür.

Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasının ilk mərhələsi VII əsrin sonu - VIII əsrin əvvəllərinə təsadüf edir. Belə ki, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını diasporun yaranmasının təməlini qoyub.

Diasporumuzun inkişafında ikinci mərhələ isə X və XIX əsrləri əhatə edir. Məhz həmin dövrdə Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması sayəsində, xaricdə məskunlaşması daha geniş vüsət alıb.

Diasporamızın formalaşmasının sonrakı mərhələləri ölkəmizin rus, sonradan sovet imperiyası tərəfindən işğal olunması, birinci və ikinci dünya müharibələri, SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması ilə əlaqədardır. 1979-cu ildə İranda İslam İnqilabının baş verməsi nəticəsində də minlərlə cənublu soydaşımız vətənlərini tərk edərək, Qərb ölkələrinə sığınmaq məcburiyyətində qalıb. Təxminən, 30 milyon azərbaycanlının tarixən yaşadığı müasir İran ərazisindən son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasını tərk edənlərin sayından qat-qat çox olub. Beləliklə, onlar Qərb ölkələrində güclü Azərbaycan diasporu formalaşdırıblar. Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır.

Dünya azərbaycanlılarının dövlətimizin inkişafı istiqamətində səylər göstərməsi XX əsrin ortalarında bir sıra hallarda müşahidə olunurdu. Lakin ölkəmizin SSRİ-nin tərkibində olması, siyasi ideologiyanın fərqliliyi və nəhayət, Azərbaycanın da digər ölkələr kimi, "xalqlar həbsxanası"nda məhkum olması dövlət-diaspor münasibətlərinin qurulmasına maneə idi. O zamanlar Azərbaycan diasporunun, əsasən, Azərbaycanın müstəqilliyinin əldə olunması istiqamətində fəaliyyət göstərməsi müstəqil olmayan bir dövlətin diasporla əlaqələr qurmasını mümkünsüz edirdi.

Azərbaycan diasporunun Azərbaycan dövləti ilə birgə və qarşılıqlı fəaliyyəti Azərbaycanın yenidən müstəqilliyinə qovuşması və ümummillli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqədardır. Məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından sonra, ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi; diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə - 1991-ci ilin 16 dekabrında dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi. Həmin qərar bütün dünyada yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyətə malik olmuş, birlik ideyasının reallaşması istiqamətində stimula çevrilmişdi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra, Azərbaycan xarici siyasətinin qarşısında iki mühüm vəzifə dayanmışdı: birincisi, Azərbaycana suveren dövlət kimi təminatlar almaq, ikincisi, Qərblə strateji əməkdaşlıq imkanlarından faydalanaraq, ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək idi.

Qeyd olunan məsələlərin həlli istiqamətində ümummilli lider Heydər Əliyev diasporun güclənməsinin mühüm rol oynayacağını yaxşı anlayırdı. Təbii ki, Heydər Əliyevin uzaqgörən siyasəti istənilən vəziyyətdə lazımi qərarların verilməsi ilə nəticələnirdi. Bununla yanaşı, erməni diasporu tərəfindən uzun illər idi Qərb xalqları arasında Azərbaycan barəsində mənfi rəy formalaşdırılması istiqamətində planlı fəaliyyət mövcud idi. Ermənilərin Dağlıq Qarabağ münaqişəsi və qondarma "erməni soyqırımı" haqqındakı yalanları Qərb ölkələrində ictimai rəyə nüfuz etmişdi. Formalaşdırılmış mənfi rəyin də aradan qaldırılması vacib idi. Çünki istənilən dövlətin dayağı xalqdır və xalqın hər hansı bir dövlət barəsində formalaşan rəyi həmin xalqın mənsub olduğu dövlətin xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə olan halda ermənilər tərəfindən Qərb ölkələrində Azərbaycan xalqı və dövləti haqqında formalaşdırılmış mənfi rəyi aradan qaldırmaq məqsədi ilə diasporun planlı və əlaqəli şəkildə fəaliyyət göstərməsi zərurəti yaranırdı.

Belə bir vəziyyətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq, 2001-ci ilin may ayınn 23-də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı.

Həmin ilin noyabrın 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi. Qurultayda diaspora nümayəndələri ilə yanaşı, Azərbaycanın 130-dan çox dövlət və ictimai qurumlarından, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq iştirak etdi. Həmin tədbir bütün dünyada yaşayan soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi baxımından mühüm addım idi.

Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.

Belə bir qurumun yaradılması ideyası ümummilli liderin 2002-ci il iyulun 5-də "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərmanı ilə reallaşmağa başladı.

Qurultayın keçirilməsindən bir neçə ay sonra - 27 dekabr 2002-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun təsdiq olunması dövlətin diaspor siyasətinin reallaşması istiqamətində atılan mühüm addımlarından idi. Qanun təsdiq edilməklə dövlət-diaspor münasibətlərində yeni mərhələnin bünövrəsi qoyuldu. "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin həyata keçirməsi dövlət başçısının diasporumuza ümdə əhəmiyyət verməsinin bariz nümunəsidir. Qanunun qəbul olunması ilə Azərbaycan dövləti və Azərbaycan diasporu arasında olan bütün əlaqələr və fəaliyyət istiqamətləri müəyyən edildi. Bununla dövlətimiz Azərbaycan diasporu ilə olan əlaqələri nəzarətə götürdü.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması (indi Diasporla İş üzrə Dövlət Komitəsi adlanır)və müvafiq qanunun qəbul olunması ilə Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya olunması işi öz həllini tapdı. Bu hal, eyni zamanda, ölkəmizin xarici siyasətində uğurlar əldə etməsində də özünü göstərdi. Uğurlu xarici siyasətin həyata keçirilməsi dövlətçiliyin inkişafının təməl prinsiplərindən biri olduğuna görə, Azərbaycan bu amilə xüsusi önəm verir.

Xaricdə yaşayan azərbaycanlıların dövlətimizin daim diqqət mərkəzində olması Prezident İlham Əliyevin fəaliyyətində də özünü büruzə verir: "Xaricdə yaşayan bütün soydaşlarımız hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bizim qardaşlarımızdır və hər an doğma Vətən sizi qarşılamağa hazırdır".  Bu sözləri Prezident İlham Əliyev Ukraynada fəaliyyət göstərən diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib. Bu sözlər özlüyündə dövlətimizin xaricdə yaşayan soydaşlarımıza nə qədər önəm verməsinin bariz nümunəsidir.

"Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir", - deyə Prezident İlham Əliyev diaspor üzvləri qarşısında etdiyi nitqində bildirib. "Diaspor üzvləri də Azərbaycanın elçiləridir" ifadəsi dövlətin diaspor siyasətnə verdyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməyə layiqdir.

Bu, Prezident İlham Əliyevin verdiyi qərarlarda da özünü göstərir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və həmin qurumun əsasnaməsinin təsdiq olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir.

İndi Azərbaycan diasporu yeni vəzifələrin həyata keçirilməsinə başlayıb. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında da fəal iştirak edir, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini gücləndirirlər.

Müəllif: Teymur Hacıyev

(15 sentyabr)

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Xəbər lenti

Xəbər lenti