...

Azərbaycan Avropa Oyunlarının triatlon yarışında bürünc medal qazandı (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 14:24 (UTC +04:00)
Yarışların yekunu üzrə təmsilçimiz Rostislav Pevtsov üçüncü yeri tutub.
Azərbaycan Avropa Oyunlarının triatlon yarışında bürünc medal qazandı (ƏLAVƏ OLUNUB)

Nəticələr əlavə olunub (ilk xəbər saat 13:48-də yayılıb)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bu gün Bilgəh çimərliyində Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında triatlon yarışı başlayıb.

Trend-in məlumatına görə, bu yarışda 58 idmançı mübarizə aparır. Azərbaycanı yarışda Rostislav Pevtsov və Aleksandr Yatçenko təmsil edirlər.

Yarışda portuqaliyalı idmançı Joao Silva və Joao Pereyra, ispaniyalı Fernando Alarza, rusiyalı Aleksandr Bryuxankov və Dmitri Polyanskin əsas favoritlər hesab olunurlar.

Artıq yarışın birinci mərhələsi başlayıb. İdmançılar hər birinin uzunluğu 750 metr olmaqla iki dövrə vuracaqlar. Triatlon yarışının qaydalarına görə, atletlər əvvəlcə 1500 metr məsafəyə üzməli, sonra 40 kilometr velosiped sürməli və daha sonra 10 kilometr qaçaraq yarışı başa vurmalıdırlar.

Kişilər arasında qalib idmançı Rio-2016 Yay Olimpiya Oyunlarında birbaşa iştirak hüququ qazanacaq.

X X X

Yarışların yekunu üzrə təmsilçimiz Rostislav Pevtsov üçüncü yeri tutub. İdmançımızın göstəricisi 1:49:04 olub.

Britaniyalı Qordon Benson 1-ci, portuqaliyalı Joao Silva isə 2-ci olub.

Beləliklə, Azərbaycan Avropa Oyunlarında daha bir medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti