...

Məndə qadın hormonları 10 il bundan əvvəl yaranıb – yumorist Coşqun Rəhimov (FOTO)

Mədəniyyət Materials 24 Yanvar 2011 17:50 (UTC +04:00)
Azərbaycanın tanınmış aktyor-yumoristi, "Bu şəhərdə" layihəsinin ulduzu Coşqun Rəhimov son zamanlar həm fiziki, həm də psixoloji sarsıntı keçirib...
Məndə qadın hormonları 10 il bundan əvvəl yaranıb – yumorist Coşqun Rəhimov (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Hüseynzadə/

Azərbaycanın tanınmış aktyor-yumoristi, "Bu şəhərdə" layihəsinin ulduzu Coşqun Rəhimov son zamanlar həm fiziki, həm də psixoloji sarsıntı keçirib. Xərçəng hüceyrələrinin məhv edilməsi üzrə aparılan əməliyyat, daha sonra onun ölümü barədə yayılan bezdirici şayiələr əlbəttə ki, aktyora yaxşı əhval-ruhiyyə vermirdi. Aktyorun əməliyyatdan sonra radiasiya yodu qəbul etmək üçün Türkiyəyə getməsi ilə bağlı xeyli aydın olmayan söhbətlər yayıldı. Artıq Vətəninə qayıdan və mart ayında "Bu şəhərdə"nin ənənəvi konsertlərində çıxış etməyə hazırlaşan aktyor Trend-ə müsahibə verib.

- Coşqğun, İzmirdə aldığın müalicə barədə ətraflı danışardın...

- Müşfiq Abbasovla yanvarın 2-də İzmirə yol düşdük. Ayın 3-ü səhər orada yod içdikdən sonra hamıdan təcrid olundum. Şöbədə ikipalatalı dar, uzun dəhliz var idi. Palatanın birində mənim kimi problemi olan türk, digərində isə mən yatırdım. Hətta bizə yemək gətiriləndə tibb bacıları bizə zəng edib deyirdilər ki, yeməyi götürə bilərik. Palatada kamera, telefon, televizor və monitor var idi. Bu monitor vasitəsilə Müşfiqlə əlaqə saxlayırdım. Lakin birbaşa danışmaq olmazdı.

Artıq bundan bir neçə gün sonra mən qadınlar, xüsusilə də hamilə qadınlar və 10 yaşdan aşağı uşaqlara iki metrdən yaxın məsafədə yaxınlaşa bilməzdim. Hətta Müşfiqlə mehmanxanada müxtəlif nömrələrdə qalırdıq. Daha sonra gedib radiasiya səviyyəmi yoxladıq. Gündən-günə onun səviyyəsi daha da azalırdı. Yalnız bundan sonra mənə təyyarəyə minib Bakıya gəlməyə icazə verildi.

- Lakin bir müddətdən sonra təkrar olaraq İzmirə qayıtmalı olacaqsan.

- Bəli, təxminən altı-səkkiz aydan sonra. Orada ya cüzi miqdarda - profilaktika üçün beş qram yod içməli olacam, ya da ümumiyyətlə içməyimə ehtiyac qalmayacaq. Hər şey analizlərin nəticəsindən asılı olacaq. Bundan sonra qalan düyünləri yodla yandırmaq və ya əməliyyatın lazım olub-olmayacağı aydın olacaq, lakin hər halda ciddi bir şey olmayacaq. Amma iki ildən sonra profilaktika üçün Türkiyəyə dəqiq getməli olacam. İndi qalxanabənzər vəz hormonunun əvəzləyicisi olan dərman qəbul edirəm və bunu ömrümün sonuna qədər içməli olacam. Bununla yanaşı, demək istəyirəm ki, Müşfiqlə orada olarkən Azərbaycan tibbinin səviyyəsini gördük - bunu tam səmimi deyirəm. Bakıda olunan əməliyyat və reabilitasiya peşəkarlıqla aparılıb, bunu Şifa Bornu klinikası və "Ege" Universitetində işləyən türk və amerika həkimləri deyiblər. Onların hamısı Bakıda belə yüksək səviyyəli əməliyyat aparıldığına heyrətləniblər. Mənim vəziyyətim, tikişlərin sayı və s. görə. Orada bir daha öz həkimlərimizə etibar edərək xaricə getməməkdə düzgün etdiyimizə əmin olduq, halbuki bunu edə bilərdik.

- Özünü fiziki cəhətdən necə hiss edirsən?

- Normal və həkimlər deyiblər ki, yarım həftədən sonra bütün gücüm tamamilə bərpa olunacaq. Bəzən olur ki, bir az şişkinlik yaranır və səsim xırıltılı çıxır, lakin sonra keçib gedir. Həkimlər aktyor olduğumu bilirlər və fevralın əvvəlində hər şeyin tamamilə ideal olacağına zəmanət veriblər. Oxuya, oynaya və Rafaeli çiynimdə daşıya bilərəm.

- Bu xəstəlik sən, Müşfiq və Rafael arasında olan dostluğun bir sınağı oldu.

- Xəstəlik bizi əhatə edən bütün insanların sınağı oldu: qohumlar, dostlar, tanışlar, həmkarlar. Tanıdığımız insanların 90 faizinə təşəkkür edirik. Palataya, evə gəlib mənə baş çəkən, zəng edən, eyni zamanda, zəng edə bilməyib kimin vasitəsiləsə öz xoş sözlərini çatdıran və hələ də zəng etməkdə olan bütün insanlara təşəkkürümü bildirirəm. Əlbəttə ki, ölümüm haqqında şayiələr xoşagəlməz idi, amma belə deyirlər ki, bu cür söhbətlər ömrü daha da uzadır, ona görə bunun üçün də təşəkkür edirəm.

- Axı deyirlər ki, əməliyyatdan sonra səndə qadın hormonları əmələ gəldiyinə görə Türkiyəyə getmisən...

- Qadın hormonları məndə 10 il bundan əvvəl səhnədəki obrazlarımda yaranıb. Mənim səhnədən kənarda kişilik xüsusiyyətlərimə gəldikdə isə buna şübhə etməyə dəyməz. Heç bir dəyişiklik yoxdur, baxın, hətta üzümü saqqal basıb. Üzümü qırxdırmaq lazımdı (Coşqun gülərək və əlini üzünə apararaq dedi)...

Xəbər lenti

Xəbər lenti