...

Aşıq Samirə Aşiq Samirə oldu (FOTO)

Mədəniyyət Materials 12 Oktyabr 2011 18:35 (UTC +04:00)
Oktyabrın 12-də Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində tamaşaçılara aşıq və estrada mahnılarının mahir ifaçısı kimi yaxşı tanış olan Aşıq Samirə "Aşiq" adlı ilk musiqi albomunu və şəxsi internet saytının təqdimatını keçirdi.
Aşıq Samirə Aşiq Samirə oldu (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Oktyabrın 12-də Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində tamaşaçılara aşıq və estrada mahnılarının mahir ifaçısı kimi yaxşı tanış olan Aşıq Samirə "Aşiq" adlı ilk musiqi albomunu və şəxsi internet saytının təqdimatını keçirdi. Həyat yoldaşı, eləcə də prodüser kimi işlərini görən Rizvan Məmmədovla birgə media qarşısına çıxan sənətçi, əvvəlcə özünə götürdüyü yeni təxəllüsdən danışdı.

"Bu vaxta kimi hər kəs məni Aşıq Samirə kimi tanıyırdı. Çox fikirləşdim ki, fərqlənmək üçün hansı addan istifadə etdim. Və son qərarımız "Aşiq" üzərində dayandı. Onsuzda aşiq, aşıq sözləri məna etibarı ilə eynidir. Bu təxəllüslə demək istəyirəm ki, həm sənətimin, həm ailəmin, həm də pərəstişkarlarımın aşiqiyəm", - Samirə belə dedi.

"Aşiq" adlı ilk musiqi toplusu haqqında məlumat verən sənətçi, keyfiyyətli məhsulla sevənlərinin qarşısına çıxdığına görə məmnunluğunu gizlətmədi. "Bu albom mənə həyat yoldaşım tərəfindən sürpriz oldu. 29 sentyabrda 30 illik yubileyimi qeyd etdiyim zaman mənə albomumu hədiyyə etdi. Nəfis tərtibatla hazırlanan albomda mahnıların ab-havasına uyğun fotosessiya etdirmişdim. Ümumilikdə, 12 mahnı yer alıb. Həm aşıq, həm də estrada üslubunda yazılan mahnılar bir yerdə cəmlənib. Çox xoşuna gəldi. Ümidvaram ki, dinləyicilərim də 20 illik səhnə fəaliyyətimin ilk hesabatından razı qalacaqlar", - sənətçi əlavə etdi.

Təqdim olunan www.ashiqsamira.az saytı haqqında Rizvan Məmmədov danışdı. Bildirdi ki, flaş formatında hazırlanan veb-saytda Samirənin yaradıcılığını əks etdirən yetərincə arxiv yerləşdirilib. "Sayt 3 dildə - Azərbaycan, rus və ingilis dillərində istifadəçilərə təqdim olunur. Sayta daxil olan hər kəs əvvəlcə Samirənin videogörüntülü salamlaşması ilə qarşılaşır. Rəng seçimində də diqqətli olmuşuq. Boz, çəhrayı və mavi rəngli fon seçməklə istifadəçilər saytdakı bölümlər - bioqrafiya, media, audio, video və fotolara baxa bilərlər. Saytda əlaqə bölümü də yaradılıb ki, bu da pərəstişkarları maraqlandıran sual və təklifləri birbaşa Samirəyə ünvanlamalarına xidmət edəcək. Şəxsi veb-sayt yaratmaqla Samirə aşıqlar arasında bir ilkə imza atdı", - Rizvan belə dedi.

Jurnalistlərin çoxsaylı suallarını cavablandırarkən albomunun üz qabığını bəzəyən fotodan da danışan sənətçi, imicinin kosmetika şirkətlərindən birinin reklamında çəkilən modellə eynilik təşkil etməsi ilə razılaşmadı. "Əmin olun ki, bu ideyanı kimlərsə bizdən götürüb. Həyat yoldaşımın ideyası əsasında cəsarətli fotolar çəkdirdim. Və bunlardan ən nəzərəçarpanını birinci şəkil kimi istifadə etdik. Tənqidlərdən qaçmıram. Yetər ki, yerində və haqlı təndiqlər olsun", - Samirə fikirlərini tamamladı.

Çay süfrəsi ilə yekunlaşan mətbuat konfrasında ər-arvad olan aşıq və prodüserin əl-ələ tutaraq tort kəsməsi də jurnalistlərin diqqətindən yayınmadı. Aralarındakı sevgilərini nümayiş etdirən cütlük, bir il öncə baş tutan toylarında olduğu kimi tort kəsib, təqdimatın şirinlik rəmzindən birlikdə daddılar.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti