...

İçərişəhərdə milli sənətkarlığın inkişafı istiqamətində yeni layihəyə start verilir (FOTO)

Mədəniyyət Materials 27 Aprel 2012 10:20 (UTC +04:00)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində milli sənətkarlığın inkişafı istiqamətində yeni layihəyə start verilir.
İçərişəhərdə milli sənətkarlığın inkişafı istiqamətində yeni layihəyə start verilir (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində milli sənətkarlığın inkişafı istiqamətində yeni layihəyə start verilir.

Trend-in "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, milli sənətkarlıq ənənələrinin qorunub saxlanılması İdarənin daim diqqət mərkəzində olan sahələrdən biridir. Bununla əlaqədar olaraq 2012-ci ilin yanvar ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Londonda keçirilən "Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti" sərgisi zamanı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Böyük Britaniyada yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında işgüzar əlaqələr yaradılıb.

Qeyd edək ki, əsası Uels şahzadəsi tərəfindən qoyulmuş Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi bakalavr, magistr və doktorantura səviyyələrində ənənəvi incəsənət sahələrini tədris edir, elmi tədqiqat işləri ilə məşğul olur və ənənəvi incəsənət məhsullarını təbliğ edir.

Qoruq İdarəsinin dəvəti ilə Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam və onun başçılığı ilə nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu səfərin əsas məqsədləri Azərbaycana məxsus olan milli-tətbiqi incəsənət sahələri barədə ətraflı məlumat toplanılması, bu incəsənət sahələrinin inkişafı, dünyada tanıdılması və təbliği potensialını araşdırmaq olub.

Nümayəndə heyəti İçərişəhər və Qala qoruğunda milli-tətbiqi incəsənətlə məşğul olan sənətkarlarla görüşlər keçirib və istehsal prosesi ilə tanış olub. Bununla yanaşı Azərbaycanın ənənəvi incəsənət sahələri və mədəni irsi ilə tanış olmaları üçün Lahıc və Basqal kimi milli sənətkarlıq mərkəzlərinə səfərlər təşkil olunub.

Səfərin nəticəsi olaraq Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında İçərişəhər və Qala qoruqları ərazisində milli-tətbiqi incəsənət məhsullarının istehsalının inkişafı və bu məhsulların beynəlxalq səviyyədə təbliği sahələrində qarşılıqlı münasibətlərin gələcəkdə inkişaf etdirilməsi qərara alınıb.

Əməkdaşlıq əlaqələrinə əsasən, 2012-ci ilin sentyabr ayından etibarən Tətbiqi Sənətkarlıq Mərkəzinin yaradılması, burada ipək üzərində naxış və qurama, keramika, zərgərlik kimi sənətkarlıq sahələri üzrə müştərək hazırlıq kurslarına başlanılması nəzərdə tutulub.

Tədris proqramını bitirən şəxslər öz növbələrində milli-tətbiqi incəsənət sahələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün Tətbiqi Sənətkarlıq Mərkəzində fəaliyyət göstərərək ənənəvi incəsənət məhsullarının istehsalı və bu sahələrdə tətqiqatlarla məşğul olacaqlar.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hazırlıq kurslarında iştirak etmək istəyən milli-tətbiqi incəsənət sahələrində istedadı və həvəsi olan şəxslərdən ilkin seçim mərhələsi üçün [email protected] email ünvanına tərcümeyi hallarını və 3 ədəd iş nümunələrinin fotosunu göndərmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti