Azərbaycan, Bakı, 19 mart /Trend/
"YARAT!" Müasir İncəsənət Məkanı Venesiya biennalesində "Love Me, Love Me Not" sərgisi ilə iştirak edir.
"Love Me, Love Me Not" (Sevir, Sevmir) - Azərbaycan, İran, Türkiyə, Rusiya və Gürcüstandan olan 17 rəssamın bu yaxınlarda hazırladıqları işlər Azərbaycan və qonşu ölkələrin müasir təsviri incəsənət sərgisində təqdim ediləcək. Trend-in məlumatına görə, Bakıda yerləşən qeyri-kommersiya təşkilatı "YARAT!" tərəfindən təşkil olunan sərgi 2013-cü il iyun ayının 1-dən noyabr ayının 24-ə kimi Tesa 111, Arsenal Nord ünvanında, Venesiya biennalesi - 55-ci Beynəlxalq Bədii İncəsənət Sərgisi çərçivəsində qonaqlar üçün açıq olacaq.
Sərgidə Azərbaycandan Faiq Əhməd, Rəşad Ələkbərov, Afruz Amiqi, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova, Fərid Rəsulov, Türkiyədən Kutluq Ataman, İrandan Afruz Amiqi, Şoja Azari, Mahmud Bahşi, Əli Banisadr, Fərhad Moşiri, Rusiyadan Taus Maxaçeva, Gürcüstandan İliko Zautoşvili və "Slavyanlar və Tatarlar" ("Avrasiya") iştirak edirlər.
"Hazırda Azərbaycan və ona qonşu ölkələrə qarşı eyni dərəcədə maraq və bu ölkələr haqqında səhv təsəvvürlər var, - kurator Dina Nassir-Xaddivi deyib. - Sərgilənən işlər hər millətin dinamikasına yaxından baxmağa, unudulmuş, yaxud naməlum tarixin gizli tərəflərini açmağa və bu ölkələrdə olan baxış tərzi və yaradıcılığı göstərməyə kömək edəcək".
Sərginin adı - "Love Me, Love Me Not" (Sevir, Sevmir) - Azərbaycanın ətrafındakı qonşu ölkələrlə olan dəyişkən münasibətləri, eyni zamanda, rəssam və tamaşaçı arasında olan münasibətləri özündə əks etdirir. Eyni adı sərgiyə daxil olan məşhur "Slavs and Tatars" art-qrupunun işi də daşıyır.
Kataloq
Kurator Dina Nassir-Xadivi və Fərah Rəhim İsmayılın redaksiyası altında və aşağıdakı mütəxəssislərin köməyi ilə:
• Nada Raza, kurator köməkçisi, Teyt Modern qalereyası
• Nikolas Kullinan, müasir təsviri incəsənət üzrə kurator, Metropoliten muzeyi
• Neqar Əzimi, yazıçı və "Bidoun Projects" nəşrinin baş redaktoru
• Monika Steynberq, elmlər namizədi, Məzunlar Mərkəzi, Nyu-York şəhərinin Universiteti
• Suad Qarayeva, yazıçı və kurator, Rusiya, Mərkəzi Asiya və Qafqazda müasir təsviri incəsənət üzrə ixtisaslaşıb
• Slavs and Tatars (Slavyanlar və Tatarlar) - "Avrasiya" adlanan, yəni keçmiş Berlin divarının şərqindən Böyük Çin Səddinə qədər olan ərazi ilə bağlı suallar əsasında müzakirə və polemika təşkil edən debat klubu. Kollektivin işləri müxtəlif kütləvi informasiya vasitələrində paylaşılır, çox vaxt unudulan kulturoloji sual olan - slavyanların, qafqazlıların və Mərkəzi Asiyada yaşayanların bir-birinə qarşılıqlı təsirindən danışılır.
"Love Me, Love Me Not" sərgisinə prodüserlik edən müasir təsviri incəsənət təşkilatı "YARAT!" Azərbaycanda müasir təsviri incəsənətin inkişafı ilə məşğul olur.
"YARAT!" təşkilatı 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilib. Bu qeyri-kommersiya təşkilatı Azərbaycan müasir təsviri incəsənətinin irəliləyişi və inkişafı ilə məşğul olur, eyni zamanda, Azərbaycan incəsənətini həm ölkədə, həm də xaricdə nümayiş etdirməyə çalışır.
Baş ofisi Bakıda yerləşən "YARAT!" təşkilatı öz missiyasını müxtəlif sərgi proqramları, maarifləndirici tədbirlər və festivallar vasitəsilə həyata keçirir. "YARAT!" yerli və xarici bədii şəbəkələr, fondlar, qalereya və muzeylər arasında dialoqun yaranmasında vasitəçi rolunu oynayır. Açılan iqamətgahlar mədəniyyət dialoqunun və əməkdaşlığın yaranmasına əlavə imkanlar verir.
"YARAT!"-ın təhsil təşəbbüslərinə mühazirələr, seminarlar, master-klasslar, həmçinin gənc rəssamlar üçün "ARTIM" adlı layihə daxildir. "ARTIM" qarşısına Azərbaycanın gənc nəslinin istedadlı, kreativ nümayəndələrini təsviri incəsənət sahəsinə istiqamətləndirmək, gənc rəssamlara işlərinin peşəkar sərgilərdə nümayiş olunması imkanını yaratmaq məqsədini qoyub.
Yerli infrastruktur vasitəsilə incəsənətin inkişafı üçün "YARAT!" tərəfindən əsası qoyulan "YAY" Qalereyası kommersiya məqsədli sərgi meydanıdır. "YAY" satışdan əldə edilən gəliri rəssam və "YARAT!" təşkilatı arasında bölür, həmçinin bir sıra Azərbaycan və xarici incəsənət xadimlərini dəstəkləyir.
Dina Nasser-Xadivi müstəqil kurator və məsləhətçidir, əsas olaraq Yaxın və Orta Şərq, İran və Qafqazın bəzi regionlarında müasir incəsənət sahəsi üzrə ixtisaslaşıb. Dina əvvəllər "Kristi" hərracında 19-20-ci əsrlər incəsənət nümunələri üzrə mütəxəssis-şərqşünas kimi çalışıb, 2006-cı ildən Yaxın və Orta Şərqin, İranın müasir incəsənəti üzrə çalışıb, çoxsaylı məlumatlandırma təşəbbüsləri nəticəsində (2010-cu ilin payızında Nyu-Yorkun Solomon Quqqenxaym muzeyində, Hyuston Təsviri İncəsənət Muzeyində və Müasir İncəsənət Muzeyində təşkil olunmuş "İran moderninə və müasir təsviri incəsənət dünyasına giriş" adlı seminar) rəssamlar üçün beynəlxalq platforma yaradıb. Çalışdığı layihələrdə şəxsi kolleksiyalara kuratorluq və böyük təşkilatlara məsləhətçi xidmətini göstərdiyinə görə, öz vaxtını Nyu-York, London, Cenevrə və Dubay şəhərləri arasında bölüşdürmüş olur.
Son zamanlar fəaliyyətinin Qafqaz regionu tərəfə yönəlməsi Dinanın Azərbaycan xalqı və onun mədəniyyəti ilə mənəvi qohumluğu və vətəni olan İran ilə qonşuluğu, xüsusən də onun Bakı müasir incəsənətinin genişlənən səhnəsini təqdim edən rəssamlara qarşı marağının artmasından irəli gəlir.
Sərginin sponsorları Azərbaycanda bir sıra tanınmış markalardan biri olan istehlak məhsulları şirkəti GİLAN və Azərbaycan bazarında aparıcı şirə markası "Jalə"dir.
Tədbirə Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi texniki dəstək göstərir.