...

Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr olunan tədbir keçiriləcək

Mədəniyyət Materials 24 Noyabr 2014 16:57 (UTC +04:00)
Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunan kitabın təqdimat mərasimi və konsert keçiriləcək.
Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr olunan tədbir keçiriləcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunan kitabın təqdimat mərasimi və konsert keçiriləcək.

Mərkəzdən Trend-ə bildiriblər ki, Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı və təbliği məqsədi daşıyan bu layihə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Qeyd edək ki, "Fikrət Əmirov" kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın "Sevil" operası və "Min bir gecə" baletinin CD-ləri də daxildir.

Kitab F.Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, müsiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, F.Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi, onların ərsəyə gəlməsinə səbəb olmuş mədəni mühit əks etdirilir. Kitabda görkəmli bəstəkar və əsərləri haqqında müxtəlif dövrlərdə mətbuat orqanlarında dərc olunmuş rəylər, tanınmış şəxsiyyətlərin fikirləri də toplanıb.

Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında F.Əmirovun əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Orkestri bədii rəhbər və baş dirijor, Azərbaycanın xalq artisti Teymur Göyçayev idarə edəcək.

Azərbaycan musiqisinin korifeylərindən olan F.Əmirov 22 noyabr 1922-ci ildə Gəncədə anadan olub. Azərbaycan peşəkar müsiqi sənətinin banisi Üzeyir Hacıbəylinin tələbəsi olmuş F.Əmirovun yaradıcılığı müxtəlif janrları əhatə edib. Bəstəkar "Şur" və "Kürd ovşarı" simfonik muğamları ilə dünya musiqi tarixində yeniliyə imza atıb və simfonik muğam janrının əsasını qoyub. Şərq nağılları əsasında yaratdığı "Min bir gecə" baleti ona ölkə hüdudlarından kənarda da şöhrət qazandırıb. F.Əmirov 20 fevral 1984-cü ildə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti