Azərbaycan, Bakı, 7 aprel /Trend/
Macar Kinematoqrafçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə "Dünya paytaxtları" silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa, Viktoriya (Seyşel adaları) kimi paytaxt şəhərlərinə dair filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı kino lenti də bu günlərdə Macarıstan televiziya kanalları ilə nümayiş etdirilib.
26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncin ölkəmizin paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və ətrafını gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Bakıya yaxşı bələd olan, rus və Azərbaycan dillərində danışan gənc macar qız dostuna Bakının tarixi, insanları, son illərin iqtisadi yüksəlişi sayəsində tamamilə yenidən qurulması, şəhərdə görülən böyük quruculuq işləri barədə məlumat verir, ona Bakı bulvarını, İçərişəhəri, paytaxtın yeni tikililərini, yollarını göstərir. Onlar zəngin koloriti ilə seçilən Bakı bazarlarını gəzib dolaşır, milli mətbəximizin nemətlərini dadır, rastlaşdıqları insanlarla təmas qururlar. Tar musiqisi ilə müşayiət olunan film boyu iki macar gənc Bakı və Azərbaycan haqqında biliklərini, təəssüratlarını biri-biri ilə bölüşür, dost və həmvətənlərini turist kimi ölkəmizə gəlməyə, bəzi cəhətləri ilə Macarıstana bənzəyən Azərbaycanla daha yaxından tanış olmağa səsləyirlər.