Azərbaycan, Bakı, 10 aprel /Trend/
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Gecəyə toplaşanlar teatrın foyesində alimin ədəbi-bədii yaradıcılığını əhatə edən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov mərasimdə açılış nitqi ilə çıxış edərək N.Şəmsizadənin Azərbaycan ədəbiyyatında, ədəbi tənqidində öz obrazını yaradan alimlərdən olduğunu deyib: "Hələ tələbəlik illərindən ədəbiyyatşünaslığımızın mühüm problemləri ilə məşğul olmağa başlayan Nizaməddin Şəmsizadə ilk məqalələrindən diqqəti cəlb etmiş və ədəbiyyat adamı kimi tanınmağa başlamışdı. Nizaməddin müəllim həm müasir ədəbiyyat problemləri, həm də tənqidimizin tarixi və nəzəriyyəsi ilə intensiv sürətdə məşğul olan tənqidçilərdəndir. O, həm də bədii yaradıcılıqla məşğul olmağı bacaran ədəbiyyatşünasdır".
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva və digər çıxış edənlər görkəmli alimin zəngin yaradıcılığından söz açıblar. Alimin yetişən nəsillər üçün dəyərli mənbə olan kitablarından, pedaqoji fəaliyyətinin nəticəsi olan dərsliklərindən bəhs edilib, onun ədəbiyyatşünaslıq elmimizin sadiq keşikçisi kimi öz missiyasını ləyaqətlə davam etdirdiyi vurğulanıb. Bildirilib ki, N.Şəmsizadə böyük ənənələri olan Azərbaycan tənqidinə müasirlik problemi ilə gəlib. O, 30-a yaxın elmi, nəzəri, ədəbi-tənqidi, fəlsəfi-publisistik kitabın müəllifidir. Milli ideologiyamızı əks etdirən "Azərbaycançılıq" kitabı, üç cildlik "Seçilmiş əsərləri", ali məktəblərdə tədris vəsaiti kimi istifadə olunan "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi ədəbi-nəzəri fikrimizin nailiyyətlərindən sayılır. Alim "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə 2010-cu ildə Dövlət mükafatı laureatı adına layiq görülüb.
Gecədə N.Şəmsizadə haqqında vaxtı ilə dəyərli söz adamlarının dediyi fikirlər səsləndirilib, şeirlərindən nümunələr ifa olunub.
Maraqlı konsert proqramı, rəngarəng muğam ifaları ilə davam edən gecənin sonunda yubilyar çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib, bundan sonra da ədəbi tənqidimizin keşiyində müsəlləh əsgər timsalında duracağını vurğulayıb.