...

Azərbaycan kinosu günü qeyd olundu (FOTO)

Mədəniyyət Materials 3 Avqust 2016 10:43 (UTC +04:00)
Avqustun 2-də Nizami Kino Mərkəzində Azərbaycan kinosu günü münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan kinosu günü qeyd olundu (FOTO)

Bakı. Trend:

Avqustun 2-də Nizami Kino Mərkəzində Azərbaycan kinosu günü münasibətilə təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, mərasimdə əvvəlcə son dövrlərdə istehsal edilən milli filmlərimiz və kino aləmində baş verən yenilikləri özündə əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda ötən dövrün film təqdimatları, kinofestivallarda qazanılan uğurlar, yubiley gecələri, tanınmış kino mütəxəssislərinin ustad dərsləri əksini tapıb.

Sonra günün premyerası - gənc rejissorların Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə aldıqları “40-cı paraleldə” kinoalmanaxı haqqında məlumat verilib. Bildirilib ki, almanaxa dörd qısametrajlı film daxildir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino işçilərini peşə bayramları münasibətilə təbrik edib. Bildirib ki, bu gün ölkəmizdə mədəniyyətin bütün sahələri kimi, kino sənəti də inkişaf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycanda da kinematoqrafiya tənəzzülə uğramaq üzrə idi. Bu gün isə keçdiyimiz çətinlikləri unuduruq. Biz daim yaxşı rejissor, ssenari axtarışındayıq, filmlərin festivallarda az uğur qazanmasından narazılıq edirik: “Amma bu işin içində olan insanlar üçün mənzərə daha fərqlidir. Əvvəlki onilliklərdən fərqli olaraq, son illərdə böyük nəticələr əldə edilib. Azərbaycan kinosunun sorağı dünyanın məşhur festivallarından gəlir. Kino mərkəzləri yenidən qurulur, kino istehsalı sənayesi müasirləşir”.

Ə.Vəliyev qeyd edib ki, 20-25 il əvvəl bizi dünyada daha çox incəsənətin digər növləri ilə tanıyırdılarsa, bu gün filmlərimiz də dünya kino bazarında tanınmağa başlayıb: "Ölkəmizdə keçirilən kinofestivallar, bura gələn xarici kino mütəxəssisləri, təşkil olunan ustad dərsləri və s. kinomuzun yüksəlişindən xəbər verir. Eyni zamanda özəl kinoteatrların sayının artması kinoya olan maraqdan xəbər verir. Bu gün Azərbaycanda kinonun müxtəlif sahələri üzrə gənc mütəxəssislər, kino rəssamları, rejissor, qrim ustası yetişir. Mədəniyyətin bu çətin sahəsi ilə məşğul olan sənət adamlarını bir daha təbrik edir, işlərində uğurlar arzulayıram".

Daha sonra Ə.Vəliyev bir qrup kino mütəxəssisinin Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edildiyini nəzərə çatdırdı və nişanları sahiblərinə təqdim edib.

Sonra peşə bayramı münasibətilə mədəniyyət və turizm nazirinin əmrinə əsasən bir qrup kino veteranı da mükafatlandırılıb. Veteranlara mükafatı Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov təqdim edib.

Sonda “40-cı paraleldə” adlı almanax tamaşaçılara təqdim edilib.

Tədbirdə kinoşünas və kinorejissor Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsinin də təqdimatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti