...

Misirdə AXC-nin 100 illiyi münasibətilə konsert təşkil olunub (FOTO)

Mədəniyyət Materials 14 May 2018 09:10 (UTC +04:00)
Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə Misirin paytaxti Qahirə şəhərinin Ritz Carlton mehmanxanasında buradakı səfirliyimiz tərəfindən rəsmi ziyafət və konsert proqramı təşkil olunub.
Misirdə AXC-nin 100 illiyi münasibətilə konsert təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə Misirin paytaxti Qahirə şəhərinin Ritz Carlton mehmanxanasında rəsmi ziyafət və konsert proqramı təşkil olunub.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir parlamentin sədr müavini Süleyman Vahdan, parlamentin baş katibi Əhməd Saadəddin, parlament daimi komissiyalarının sədrləri, deputatlar, xarici işlər naziri, mədəniyyət naziri ,turizm naziri, təhsil nazirinin müavinləri, ictimai təşkilatların rəhbərləri, xarici ölkələrin səfirləri, Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbirin giriş sözü ilə açan səfir Tural Rzayev qonaqlara Azərbaycan Demokratik Respublikasının tarixindən danışıb, müasir dövlətimizin əldə etdiyi nailiyyətlərdən bəhs etmiş, ölkəmizin iqtisadi, elmi, mədəni , turizm potensialına diqqət çəkib, beynəlxalq təşkilatların qətnamə, qərar, bəyanat, tövsiyələrinə baxmayaraq, hələdə ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etdiyini bildirib.

Tədbir iştirakçıları Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən, füsunkar təbiətindən, gözəl memarlıq abidələrindən, qış və yay turizm potensialından, iqtisadi nailiyyətlərindən bəhs edən sənədli filmə baxıblar. Sonra Azərbaycanın tanınmış dizayneri Leyla Əliyevanın kolleksiyasından olan “Azərbaycanın milli paltarları ” adlı moda nümayişi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirin konsert proqramı Azərbaycan Dövlət Filarmoniyasının rəqs qrupu tərəfindən mahir şəkildə ifa olunan, “Yallı”, “Tərəkəmə”, “Ağ çiçəyim”, “Qaytağı” və “Naz eləmə” rəqsləri ilə davam edib.

Daha sonra əməkdar incəsənət xadimi Səlim Abbasovun ifasında populyar Azərbaycan və Ərəb musiqiləri səsləndirilib. İstedadlı kəman ustasının spesifik ifa tərzi tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Ziyafət iştirakçılarına Azərbaycan Demokratik Respublikasının 100 illiyi logosu ilə bəzədilmiş hədiyyə paketi təqdim olunub.

Azərbaycanın Misirdəki Səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbul və konsert proqramı haqqında xəbər və reportajlar artıq televiziya kanalında yayımlanıb, ölkədə nüfuzlu və yüksək tirajlı qəzetlərdə çap olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti