...

British Council Azərbaycanda inklüziv kinoteatrları dəstəkləyir

Mədəniyyət Materials 21 May 2018 13:01 (UTC +04:00)
British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncənəsət Məkanı ilə birlikdə 24-25 may tarixlərində Azərbaycanın mədəniyyət liderləri üçün iki günlük təlim təşkil edəcək.
British Council Azərbaycanda inklüziv kinoteatrları dəstəkləyir

Bakı. Trend:

British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncənəsət Məkanı ilə birlikdə 24-25 may tarixlərində Azərbaycanın mədəniyyət liderləri üçün iki günlük təlim təşkil edəcək.

Trend-in məlumatına görə, həyat keyfiyyətinə, sosial inteqrasiyaya, mədəniyyət və incəsənət sektorunda inklüziv mühitin qurulmasına və alternativ gəlir mənbələrinin yaradılmasına xüsusi diqqət yetirildiyi bu dövrdə məhdud imkanlı insanların auditoriya kimi kinematoqrafiya sahəsinə cəlb edilməsi sosial və iqtisadi baxımdan çox vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan əhalisinin 6,4%-ni əlilliyi olan şəxslər təşkil edir, dünya üzrə bu göstərici 15%-dir. Növbəti onilliklər ərzində Azərbaycan əhalisinin demoqrafik sayı artdıqca bu göstəricinin yüksəlməsi gözlənilir.

British Council Azərbaycan bütün insanların bərabər və müstəqil şəkildə, öz istəyi və seçimi ilə incəsənət və mədəniyyət fəaliyyətlərində iştirak etməsinə imkan verən inklüziv cəmiyyətin inkişaf etdirilməsini dəstəkləyir. Dördüncü Britaniya Film Baharı festivalının davamı olaraq keçirilən ikigünlük təlimdə Azərbaycanın mədəniyyət liderləri iştirak edəcək. Təlim "British Council"ın "Bərabərlik, Müxtəliflik və İnklüzivlik" siyasətinə və Nizami Kino Mərkəzinin "Hər kəs üçün kino" strategiyasına uyğun olaraq mədəniyyət mərkəzlərində əlilliyi olan şəxlər üçün daha müyəssər və inklüziv mühitin yaradılması məqsədilə təşkil olunur.

Təlim Müstəqil Kino Ofisinin nümayəndəsi, britaniyalı ekspert Cemma Bakli tərəfindən keçiriləcək. Cemma Bakli kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriya üçün daha müyəssər edilməsinin yolları haqqında danışacaq. Tədbirin açılış mərasimində Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva "Hər kəs üçün kino" strategiyası və eşitmə məhdudiyyətli icmalar arasında həyata keçirdikləri layihələrdən bəhs edəcək. Tədbirdə bu sahənin yerli mütəxəssisləri də qonaq-spikerlər qismində iştirak edəcək.

YARAT Müasir İncəsənət Məkanında (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanı) keçiriləcək tədbir hər kəsə açıqdır. Giriş ödənişsizdir. Bütün KİV nümayəndələri 24 may, saat 10:00-da YARAT Müasir İncəsənət Məkanında keçiriləcək media brifinqə dəvət olunur.

British Council Azərbaycan fürsətdən istifadə edib Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanına dərin təşəkkürlərini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti