Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılır.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında deyilir.
Qərara əsasən, Mədəniyyət Nazirliyinin təklifinə əsasən nazirliyin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılır.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin işçilərinin say həddi 94 ştat vahidi müəyyən edilir.
Mədəniyyət Nazirliyi bir ay müddətində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Əsasnaməsini və strukturunu təsdiq edəcək, eləcə də bu qərardan irəli gələn digər məsələləri həll edəcək.