Bakı. Vüqar İmanov - Trend:
Özbəkistanın Şəhrisəbz şəhərində “Nautaka” beynəlxalq milli geyim dizaynerləri assosiasiyasının yaradılması haqqında memorandum imzalanıb.
Trend-in məlumatına görə, Venera Abudrazokova assosiasiyanın rəhbəri seçilib.
Memorandumun imzalanmasında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Gürcüstan, İtaliya və digər ölkədən olan dizaynerlər iştirak ediblər.
Azərbaycanı imzalanma mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova təmsil edib.
Memorandum çərçivəsində iştirakçı ölkələrdə beynəlxalq milli geyim festivalları keçiriləcək, dəb sənayesi sahəsində müxtəlif layihələr həyata keçiriləcək. Gülnarə Xəlilova layihənin milli direktoru seçilib.
Xatırladaq ki, Şəhrisəbzdə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin təşkil etdiyi II Beynəlxaq Milli Geyim Festivalı keçirilib. Tədbir Novruz bayramına həsr olunub. Gülnarə Xəlilova “Novruz” kolleksiyasını böyük uğurla təqdim edib. Festival çərçivəsində “Qızıl iynə” mükafatının təqdimetmə mərasimi keçirilib, ən yaxşı gənc dizaynerlər və modellər müəyyənləşib, ustad-dərsləri verilib.