...

5 may “Xalçaçı Günü”dür (FOTO)

Mədəniyyət Materials 4 May 2020 16:42 (UTC +04:00)
5 may “Xalçaçı Günü”dür (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi vardır. Ölkəmizdə yüz illərdir, xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq üç ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i “Xalçaçı günü” kimi qeyd olunur.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də “Xalçaçı günü” qeyd olunardı. Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.

Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı yaradılaraq fəaliyyətə başlayıb.

Səhmdar Cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. 2017-ci ildə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanaları yaradılıb. 2018-ci ilun sonunda Səhmdar Cəmiyyətin daha 10 xalça emalatxanasının – Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Cəbrayıl, Lənkəran filiallarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb. Ötən il isə İsmayıllı şəhərində ikinci xalça emalatxanası öz qapılarını toxucuların üzünə açıb. Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Hazırda “Azərxalça”da 1700 nəfərdən çox işçi çalışır.

Dövlət başçısı “Azərxalça”nın ilk filialının açılış mərasimində iştirak etməklə, bu sahəyə nə qədər böyük diqqət və qayğı ilə yanaşdığını göstərdi. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev indiyədək “Azərxalça”nın Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran, Ağdam, Qəbələ, Qobustan, Kürdəmir, Goranboy, Qazax, Tovuz, Ağstafa filiallarının açılış mərasimlərində iştirak edib. Bu filiallardan 4-nün açılışında Mehriban xanın Əliyeva da iştirak edib.

Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” da təsdiq olunub. Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir.

“Azərxalça”nın istehsalı olan məhsullar xalçaçı-rəssamlar tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda qədim və orijinal xalçaların əsasında yeni çeşnilərin elektron variantı hazırlanıb. Bu çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılıb. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir.

"Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

"Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan xalçası" brendi adı ilə satılır.

Azərbaycan xalçalarının ixracı üçün ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət edib. Təklif dəyərləndirilib, Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb.

Ötən il "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, "Azərxalça"nın məhsullarının satış imkanlarının genişləndirilməsidir. Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.

“Azərxalça”nın filiallarının yerli xammalla təmin edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkında yaradılan Yunəyirici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Fabrikdə Türkiyə, Almaniya, Fransa, İtaliya, İsveçrə və Çin istehsalı olan avadanlıqların quraşdırılmasına başlanılıb. Bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra respublikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Bu müəssisədə birnövbəli iş rejimində ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsal gücü isə birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda, ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır.
Yunəyirici-Boyaq Fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Ancaq bütün dünyada yayılan koronavirus fabrikin qurulub başa çatdırılması prosesinə də təsirsiz ötüşməyib. Ölkələrarası nəqliyyat əlaqələri bərpa olunduqdan, xarici mütəxəssislərin ölkəmizə gəlməsi təmin edildikdən 14 həftə sonra Yunəyrici-Boyaq Fabriki fəaliyyətə başlayacaqdır.

Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Qobustandakı regional məntəqənin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu məntəqələrin hər birində 300 ton olmaqla, ildə 1500 ton yun tədarük ediləcək.

Bu sahənin inkişaf etdirilməsinin regionlarda məşğulluğun artırılmasında, xalqımızın milli dəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasında, itirilmiş ənənələrin bərpa olunmasında əhəmiyyəti nəzərə alınaraq, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsi yaradılır. Səhmdar Cəmiyyətin istehsalı olan məhsulların "Azərbaycan xalçası" brendi kimi ixrac edilməsinə başlanılması milli xalçalarımızın tarixən bütün dünyada yayılmış şöhrətini özünə qaytarır. Bu, həm də dövlətimizin xalçaçılığa güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir. Xalçaçılığın inkişafı, xalça istehsalı emalatxanalarının yaradılması minlərlə iş yerinin açılmasına, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə səbəb olur.

Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaq. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti