...

“Keçə sənəti: Zamanın və məkanın vəhdəti” sərgisi sənətsevərlər tərəfindən maraqla qarşılanıb (FOTO)

Mədəniyyət Materials 16 Yanvar 2023 17:24 (UTC +04:00)
“Keçə sənəti: Zamanın və məkanın vəhdəti” sərgisi sənətsevərlər tərəfindən maraqla qarşılanıb (FOTO)

Bakı. Trend:

“NUR Art House” xalça qalereyası, “Arts Council Azerbaijan” və “World Crafts Council Europe” təşkilatlarının birgə dəstəyi ilə modelyer-rəssam Nailə Kərimovanın "Keçə sənəti: Zamanın və məkanıın vəhdəti" adlı ilk fərdi sərgisi açılıb.

Azərbaycanın mədəniyyət, elm və incəsənət xadimləri, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dr. Ralf Horlemann, Amerika Birləşmiş Ştatlarının və digər xarici diplomatik missiyaların nümayəndələri, sənətsevərlər sərgi ilə tanış olanlar sırasında idi.

Sərginin açılışında “NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, tanınmış keçə sənəti ustası, Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin üzvü mərhum Rauf Əbdülhüseynoğlunun həyat yoldaşı Xanım İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-publisist Azadə Novruzova, Elnur Vəliyev, modelyer-dizayner Nailə Kərimova çıxış ediblər.
Professor R.Tağıyeva çıxışı zamanı keçə sənətinin tarixindən, əhəmiyyətindən və onun XX əsrdə bərpa etməklə, sənəti yaşadan Rauf Əbdülhüseynoğlunun yaradıcılığından danışıb. Öz dəst-xətti olan Rauf müəllimin keçə sənətinə verdiyi töhfələrin əvəzsiz olduğunu qeyd edib. R.Tağıyeva həmçinin bu gün keçə sənətinin inkişaf istiqamətləri və bu sahədə çalışan İctimai Birlik üzvləri olan sənətkarlar haqqında qısa məlumat verib. İlk fərdi sərgisi keçirilən Nailə Kərimovanın keçə nümunələrinin özəlliklərini vurğulayıb, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Tanınmış keçə sənəti ustası R.Əbdülhüseynoğlunun ömür-gün yoldaşı Xanım İsmayılova Rauf müəllimi xatırladıqlarına və onun əsərlərindən ikisini ekspozisiyada nümayiş etdirdiklərinə görə Röya xanıma təşəkkürünü bildirib. Rauf müəllimin ilk sərgisini də məhz R.Tağıyevanın Xalça Muzeyində açdığını və onun xeyir-duası ilə sənəti genişləndirən Rauf müəllimin keçə sənətinə rəngkarlığı gətirməklə, bir-birindən gözəl əsərlər yaratdığını deyib. Röya xanıma hər zaman sənətkarları dəstəklədiyinə görə minnətdarlığını ifadə edib. Sözlərini dahi Hüseyn Cavidin incəsənət haqqında şeiri ilə davam etdirərək, Nailə xanım kimi keçə sənəti ilə məhəbbətlə məşğul olan insanları görəndə Rauf müəllimin də ruhunun şad olduğunu söyləyib və ona uğurlar arzulayıb.

Nailə Kərimovanın tələbə yoldaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-publisist Azadə Novruzova çıxışında rəfiqəsinin keçə sənəti ilə məşğul olmasını gözlənilməz xəbər kimi qəbul etdiyini və əsərlərini görəndən sonra onlara valeh olduğunu bildirib. Sinif yoldaşı Elnur Vəliyev isə qədim el sənətini yaşatmağın şərəfli iş olduğunu və bunun bizim tariximizin bir parçası kimi daim diqqətdə saxlanılmasının vacibliyini ifadə edib. Sonda “Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin üzvü Gülşən Hüseynova müəlliflə birlikdə qonaqları sərgi ilə tanış edib.
Beləliklə, hər zaman istedadları dəstəkləyən “NUR Art House” səmimi ortamda keçən sərgidə sənətsevərləri keçə sənətində ilk, lakin inamlı addımlarını atan yeni bir sima – Nailə Kərimova ilə tanış edib. Ona yaradıcılığını inkişaf etdirmək, günün nəbzini tutmaq və öz tamaşaçı auditoriyasını formalaşdırmaq üçün şərait yaradıb. Sənətsevərlərə isə Nailə xanımın şəxsində ululardan-ulu keçə sənətini zamanın və məkanın vəhdətində yeni əsərlərin timsalında özləri üçün yenidən kəşf etmək imkanı verib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti