...

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində “Elektron muğam saatı”, şair və qiraətçilərin açıq mikrofonu təqdim olunub (FOTO)

Mədəniyyət Materials 15 İyul 2023 10:34 (UTC +04:00)
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində “Elektron muğam saatı”, şair və qiraətçilərin açıq mikrofonu təqdim olunub (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Şuşa. Trend:

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində "Elektron muğam saatı", şair və qiraətçilərin açıq mikrofonu təqdim olunub.

Trend-in məlumatına görə, Şuşada keçirilən bütün tədbirlərin gecə saatlarına qədər davam etməsi artıq ənənə halını alıb. Vaqif Poeziya Günləri də istisna olmadı. Gecə saatlarına rəğmən Şuşa şəhərinin müxtəlif məkanlarından şeir, musiqi sədaları eşidilirdi. Vaqif Poeziya Günlərinin növbəti tədbiri "Elektron muğam saatı" oldu. Tarzən və bəstəkar İbrahim Babayev milli və elektron musiqinin sintezini ifa etdi.

Açıq səhnədə qiraətçi və şairlərin sərbəst çıxışlarının keçirildiyi, şeirlərini musiqi müşayiəti ilə improvizasiya şəklində ifa etdikləri “Açıq mikrofon” gecəsi də təqdim olundu.

Gecədə iştirakçılardan biri də sənətşünaslıq üzrə fəlsəfə doktoru, prezident mükafatçısı, şair Bəhruz Niftəliyev idi: “Vaqif Poeziya Günləri çərçivəsində keçirilən “açıq mikrofon” poeziyasevərlərə, gənc şairlərə öz əsərlərini söyləmək, bədii qiraət ustalarına öz bacarıqlarını nümayiş etdirmək üçün gözəl imkan yaradıb. Bu, yaradıcı özünüifadə, həmfikirlərlə fikir mübadiləsi aparmaq, hər kəsi yüksək insan təfəkkürünün mənəvi əsaslarına yaxınlaşdırmaq üçün gözəl imkandır”.

Sonuncu dəfə Bakıda on il əvvəl olmuş özbəkistanlı qonaq, xalq şairi Xurşid Davron Şuşaya səfər etməkdən məmnundur: "İşğaldan azad edilmiş Şuşanı ziyarət etmək mənim arzum idi. Mən həmişə Azərbaycanı haqq işində dəstəkləmişəm və vaxtilə Xocalı soyqırımının qurbanları olan uşaqlara şeir yazmışam. Mən sizinlə yenidən dirildim. Şuşa şəhərinin gözəl təbiətini, dağları görmək mənim üçün böyük xoşbəxtlikdir. Bununla yanaşı, yol boyu Ermənistanın işğal zamanı törətdiyi bu qədər dağıntıları, vandalizm aktlarını görmək məni çox kədərləndirdi.

Eyni zamanda, burada gedən tikinti-bərpa işlərini, azərbaycanlıların öz irsinə necə diqqətlə yanaşdıqlarını görəndə sevindim. Qarabağa yeni həyat qayıdıb və Vaqif Poeziya Günləri kimi tədbirlər sayəsində qardaş xalqlarımız daha da yaxınlaşır, mənəvi zənginlik və gözəl gələcəyə ümid verir.

İyulun 15-də Şuşada Vaqif Poeziya Günlərinin ikinci günündə rəngarəng proqram təqdim olunacaq.

Foto: Seymur İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti