Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı yerli və xarici rəssamların əsərlərindən ibarət “Mən və Nuhun gəmisi, Mən və dünya tufanı” adlı qrup sərgisini məmnuniyyətlə təqdim etdi.
Trend xəbər verir ki, sərginin açılışından öncə isə kurator və rəssamlarla görüş həyata keçirildi. Hər bir rəssam öz əsərinin ərsəyə gəlmə tarixçəsini açıqladı, sonda isə tamaşaçıların suallarını cavabladılar.
Nəsimi fəlsəfəsinin müasir traktovkasından ilhamlanan qrup sərgisi Azərbaycan rəssamları Tərlan Qorçu və Orxan Hüseynovun, rəssamlar Mladen Milyanoviç (Bosniya və Herseqovina) və Pavla Nikitinanın (Çexiya) YARAT-ın sifarişi ilə hazırladıqları heykəl, instalyasiya və audiovizual layihələrini təqdim edir. Həmçinin ekspozisiyada yeni layihələrlə yanaşı, müxtəlif medialarda yaradılmış Mixaylo Alekseyenko, Volodimir Budnikov və Vlada Ralkonun (Ukrayna), Rimas Sakalauskasın (Litva), Nataliya Vatsadzenin (Gürcüstan), Əli bəy Hüseynzadə, Səlim Turan və Elturan Məmmədovun (Azərbaycan) əsərləri nümayiş olunur.
XIV əsrdə Seyid İmadəddin Nəsimi yazırdı: “Cahanda nə varsa insanla bağlıdır”. Onun fəlsəfəsi bəyan edir ki, hər bir insan reallığı öz təcrübəsinin prizmasından qavrayaraq ətrafındakı dünyanı formalaşdırır. Hər birimiz dünyanı fərdi olaraq qavrayırıq və hər bir insan dünyasını dəyişdikdə, onun şüurunda mövcud olmuş bütöv bir dünya da onunla birlikdə yox olur. Buna görə də, biz təkcə özümüzə deyil, həm də seçimlərimiz və əməllərimiz ilə formalaşdırdığımız bütöv dünyaya görə məsuliyyət daşıyırıq.
Nəsiminin “Mən müşahidə olunan və müşahidə edənəm. Mən işıq və zülmətəm, mən həm qoca, həm uşağam” kəlamı rəqəmsal texnologiyalar dövründə, sosial şəbəkələrin şəxsi və ictimai sərhədləri sildiyi bir mühitdə yeni məna qazanır. Öz adından danışmaq imkanı, kimliyin onun təşkil edən bütün çalarları ilə dərk edilməsinə rəğmən sayıqlıq həm şəxsi, həm də beynəlxalq sərhədlərə hörmət məsələsini daha kəskin şəkildə gündəmə gətirir. Ləyaqət və suverenlik hüququ inklüzivlik və dekolonizasiya proseslərini ön plana çıxarır. Nəsiminin səsi, bu kontekstdə dəstək, ilham və ümid verən, həmçinin bilik üzərində qurulmuş müstəmləkəçi iyerarxiyaları sarsıdan amillər arasındadır.
Fəlsəfi paralellər ukraynalı neyrofizioloq Oleq Kriştalın düşüncələrində öz əksini tapır. O, insan beynini iki sonsuzluq arasında hərəkət edən “zaman maşını” ilə müqayisə edir. Onun düsturu Nəsiminin fəlsəfəsi ilə həmahəng səslənir: “Hüdudsuzam. Mən hüdudsuzam. Hüdudsuzluqdan biri dışda, ikincisi daxildədir”.
İnsanın dünyadakı mövcudluğunu geniş bir panoramada təqdim edən bu qrup sərgisi həm də Nəsiminin sözləri ilə işıqlanan bir gələcək təsəvvür etməyə imkan yaradır: “Sən, Allah kəlamını bilsən də, müdrik olmazsan, lakin sən müdrik olmasan da, heyvan olmayacaqsan”.
Sərgi oktyabrın 26-dək YARAT Müasir İncəsənət Məkanında davam edəcək.
Sərginin kuratoru: Kostiantin Doroşenko.
Tədqiqatçı: Nizami Məmmədov.
Xüsusi təşəkkürlər: Azərbaycan İstiqlal Muzeyi.